2025-ci ildə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,557 milyard ABŞ dolları təşkil edib.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 196,3 milyon ABŞ dolları və ya 11,2% azalıb.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,15%-ni təşkil edib. Beləliklə, ABŞ hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 6-cı pillədə qərarlaşıb.
Ötən il Azərbaycandan ABŞ-yə ixrac 61,8 milyon ABŞ dolları olub ki, bu, 2024-cü illə müqayisədə 73,2 milyon ABŞ dolları və ya 2,2 dəfə azalma deməkdir.
Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana idxal 1,495 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 123 milyon ABŞ dolları və ya 7,6% azalma deməkdir. Bununla da ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd olunur ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da əvvəlki ilə nisbətən 1,810 milyard ABŞ dolları və ya 3,8% artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son il ərzində ixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azalsa da, idxal 3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.
Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da keçən ilin göstəricisi ilə müqayisədə 4,833 milyard ABŞ dolları və ya 8,3 dəfə azdır.

