2025-ci ildə Azərbaycan xarici bazarlara 1,231 milyard kilovatt-saat həcmində elektrik enerjisi ixrac edib. PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisinin ixracından əldə olunan gəlir 70,1 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı həcm ifadəsində 522 milyon kilovatt-saat və ya 29,8%, dəyər ifadəsində isə 24 milyon ABŞ dolları və ya 25,5% azalıb.
2025-ci ildə elektrik enerjisinin ixracının qeyri-neft sektorundakı payı 1,93% səviyyəsində olub.
Qeyd olunur ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən illə müqayisədə 1,810 milyard ABŞ dolları və ya 3,8% artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 il ərzində ixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azalarkən, idxal 3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.
İlin yekununda Azərbaycanın xarici ticarətində 663 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 4,833 milyard ABŞ dolları və ya 8,3 dəfə azalma deməkdir.

