2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərində təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin analoji dövrü ilə müqayisədə pul ifadəsində göstərici 2,3 milyard dollar və ya 16,2% azalıb, həcm ifadəsində isə 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Yanvar–noyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk üçlükdə İtaliya lider mövqedə qərarlaşıb. Hesabat dövründə İtaliyaya 13,1 milyon ton neft və neft məhsulları ixrac olunub və bunun dəyəri 6,7 milyard dollar təşkil edib.
İlk üçlüyü Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) tamamlayıb.
2025-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ən böyük 10 idxalçısı
| Ölkə | İdxal həcmi (ton) | İdxal məbləği (ABŞ dolları) |
|---|---|---|
| İtaliya | 13 111 475,61 | 6 727 698 250 |
| Çexiya | 1 405 059,25 | 742 159 080 |
| Xorvatiya | 1 255 021,16 | 666 587 010 |
| Rumıniya | 1 122 055,58 | 598 454 150 |
| Almaniya | 956 716,48 | 502 018 650 |
| Portuqaliya | 803 374,35 | 430 730 820 |
| Yunanıstan | 702 354,87 | 367 729 040 |
| Böyük Britaniya | 648 255,19 | 336 954 560 |
| İrlandiya | 577 056,93 | 289 696 230 |
| Tunis | 432 028,56 | 227 895 520 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç əsas boru kəməri ilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə daşınma dayandırılıb.

