Ookla: Lüks hotellərin yarısında Wi-Fi sürəti 50 Mbit/s-dən aşağıdır

Mətn Ölçüsü

Yaxın Şərq regionunda lüks hotellər üzrə Wi-Fi performansı qonaqların gözləntilərindən geri qalır.

PostNews xəbər verir ki, bunu “Ookla” şirkətinin Yaxın Şərq və Afrika bölgəsi üzrə vitse-prezidenti Tristan Muhader Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şirkət tərəfindən təhlil edilən 22 lüks hoteldən cəmi üçü saniyədə 300 meqabitdən yuxarı yükləmə sürətinə nail olub. Hotellərin yalnız 41 faizi 50–100 Mbit/s aralığında median sürət təqdim edib, təxminən yarısı isə 50 Mbit/s-dən aşağı nəticə göstərib. Bu göstəricilər “Ookla”nın qlobal genişzolaqlı indeksində lider mövqedə olan ölkələrdə belə müşahidə olunub.

Tristan Muhader vurğulayıb ki, sorğulara əsasən, qonaqların yarıdan çoxu qənaətbəxş Wi-Fi üçün ən azı 50 Mbit/s sürət gözləyir. Eyni zamanda, kibertəhlükəsizlik məsələsi də hotel seçimi zamanı getdikcə daha vacib faktora çevrilir:

“Wi-Fi hotel seçimində əsas amildir, kibertəhlükəsizlik isə ona çox yaxın ikinci yerdə gəlir”.

Şirkət rəsmisi bildirib ki, “Ookla” Bakıda beşulduzlu hotellər üzrə də Wi-Fi performansını araşdırıb. Təhlillər qonaqların otaqlarda, lobbidə və idman zallarında apardıqları Speedtest ölçmələrinə əsaslanıb. Nəticələr region üzrə ümumi göstəricilərlə uyğunluq təşkil edib.

Araşdırma göstərib ki, eyni kateqoriyaya aid beşulduzlu hotellər arasında Wi-Fi performansında ciddi fərqlər mövcuddur. Bir tərəfdən internet bağlantısı müasir qonaqpərvərlik təcrübəsinin kritik dayağına çevrilsə də, digər tərəfdən real şəraitdə təqdim olunan xidmət hələ də qonaqların gözləntilərini tam qarşılamır.

Tristan Muhader əlavə edib ki, yoxlanıla bilən və ölçülə bilən bağlantı hotel Wi-Fi-sini iqtisadi aktivə çevirir, bu isə daha yaxşı qonaq təcrübəsi, güclü biznes nəticələri və ölkənin turizm rəqabətqabiliyyətliliyinin artması üçün mühüm imkanlar yaradır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri