PostNews – Müəllimlərin peşəkar inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarını üzə çıxarmaq, təhsil sahəsində sağlam rəqabət və təcrübə mübadiləsi mühiti formalaşdırmaq məqsədi daşıyan “Murov Qartalı Raquf Orucov adına Zəfər Olimpiadası 2026” layihəsinin mükafatlandırma mərasimi keçirilib.
Artıq beşinci ildir həyata keçirilən Zəfər Olimpiadası bu il də geniş müəllim auditoriyasını bir araya gətirib. Layihədə ümumilikdə 1000 müəllim iştirak edib. 2026-cı ildə olimpiada 10 fənn üzrə təşkil olunub. Bu il ilk dəfə olaraq informatika fənni də olimpiadanın proqramına daxil edilib.
Tədbirdə “Uniser Training Center” MMC-nin direktoru, layihənin təsisçisi Emin Xankişiyev çıxış edərək Zəfər Olimpiadasının yaranma məqsədi, beşillik fəaliyyəti, əldə etdiyi nəticələr və müəllimlərin peşəkar inkişafındakı rolu haqqında ətraflı məlumat verib. O, layihənin əsas missiyasının Zəfər tariximizin müəllimlərin fəaliyyəti vasitəsilə yaşadılması, müəllimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların cəmiyyətdəki nüfuzunun və peşəkar mövqeyinin gücləndirilməsi olduğunu vurğulayıb. Emin Xankişiyev müəllimlərin şəxsi və peşəkar inkişafına qoyulan sərmayənin Azərbaycanın gələcəyinə qoyulan sərmayə olduğunu qeyd edib.
Eyni zamanda, Emin Xankişiyev Milli Təhsil və İnkişaf Platforması (MTİP) haqqında qısa məlumat verərək platformanın yaradılma məqsədlərindən, müəllimlər üçün nəzərdə tutulan imkanlardan, təlimlərdən və peşəkar inkişaf istiqamətlərindən danışıb. O, bu təşəbbüslərin müəllimlərin biliklərini yeniləməsinə, yeni bacarıqlar qazanmasına və təhsil sahəsindəki yenilikləri öz fəaliyyətlərində tətbiq etməsinə xidmət etdiyini bildirib. Həmçinin 2027-ci ildə müəllimlər üçün həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr və inkişaf imkanları barədə məlumat verib.
Layihə rəhbəri Pərvanə Babışova çıxışında Zəfər Olimpiadasının sadəcə bilik yarışması olmadığını, müəllimlərin öz potensialını kəşf etməsi, peşəkar sərhədlərini aşması və inkişaf yolunda yeni hədəflər müəyyənləşdirməsi üçün mühüm fürsət olduğunu bildirib. O, bu layihədə iştirak etməyin hər bir müəllimin özünə, biliyinə və gələcəyinə verdiyi dəyərin göstəricisi olduğunu vurğulayıb. İnsanların öz bilik və bacarıqlarına, şəxsi inkişafına etdiyi investisiyanın heç zaman itirilmədiyini qeyd edərək nəticəsindən asılı olmayaraq, bu yola çıxan hər bir müəllimi qalib hesab etdiyini bildirib.
Pərvanə Babışova xüsusilə ilk onluğa daxil olan müəllimlərin uğurunun əhəmiyyətinə toxunaraq Zəfər Olimpiadasında iştirakın müəllimlərin peşəkar həyatında mühüm təcrübə olduğunu bildirib. O, növbəti illərdə layihənin müəllimlərin həyatında yaratdığı dəyişiklikləri, qazandırdığı imkanları və uğur hekayələrini ictimaiyyətlə bölüşmək üçün xüsusi şərait yaradılacağını qeyd edib. Gələcəkdə iştirakçıların öz inkişaf yollarını və Zəfər Olimpiadasının həyatlarında oynadığı rolu bölüşmələri üçün platforma yaradılacağını diqqətə çatdırıb. Çıxışının sonunda qalibləri təbrik edərək onların uğurlarının davamlı olmasını arzulayıb.
Olimpiada üç mərhələdən ibarət olub. Birinci mərhələdə müəllimlər onlayn test imtahanı vasitəsilə öz fənləri üzrə biliklərini yoxlayıblar.
Birinci mərhələdə uğur qazanan müəllimlər beynəlxalq təlim proqramında onlayn formatda iştirak ediblər. 23, 24 və 25 oktyabr tarixlərində Anadolu Universitetinin Təhsil fakültəsinin müəllimi, Dr. Öğr. Üyesi Çetin Terzi tərəfindən “Öyrənməni görünən etmək: təhsildə ölçmə və qiymətləndirmə” mövzusunda təlim keçirilib.
Hər fənn üzrə birinci mərhələdə ən yüksək nəticə göstərən ilk 20 müəllim olmaqla, ümumilikdə 200 müəllim proqramda iştirak edib. Təlim müəllimlərin müasir təhsil yanaşmaları, ölçmə və qiymətləndirmə metodları üzrə bilik və bacarıqlarının inkişafına xidmət edib.
İkinci mərhələ canlı final formatında keçirilib. Bu mərhələdə müəllimlər həm akademik bilik yarışı, həm də metodika üzrə müsabiqədə iştirak edərək öz ixtisas biliklərini və pedaqoji bacarıqlarını nümayiş etdiriblər. Birinci mərhələnin nəticələrinə əsasən seçilən 100 müəllim final mərhələsinə yüksələrək qalibiyyət uğrunda mübarizə aparıb.
Mükafatlandırma mərasimində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Elmi Şuranın katibi Günay Əkbərova, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Kocaeli Marmara Kollecinin kampus müdiri Sevda Saraçoğlu, AGTL İdarə Heyətinin sədri Vüsal Qasımov və digər fəxri qonaqlar iştirak ediblər.
Çıxış edən qonaqlar müəllimlərin cəmiyyətin inkişafındakı rolunu, təhsilin keyfiyyətinin yüksəldilməsində pedaqoji kadrların peşəkarlığının əhəmiyyətini və müəllimlərin davamlı inkişafına yönələn təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Türkiyədən dəvət olunan Kocaeli Marmara Kollecinin kampus müdiri Sevda Saraçoğlu çıxışında qaliblərin Türkiyədə keçiriləcək təcrübə və mübadilə proqramı ilə bağlı məlumat verib.
Olimpiadada 10 fənn üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Birinci yerin sahibləri Türkiyədə tam ödənişsiz müəllim təcrübə və mübadilə proqramında iştirak hüququ, ikinci yerin qalibləri notebook, üçüncü yerin sahibləri isə planşet qazanıblar. İlk onluğa daxil olan müəllimlər smart saat və sertifikatlarla təltif olunublar.
Tədbir çərçivəsində keçirilən canlı mini-Kahoot müsabiqəsində də müəllimlər öz biliklərini sınayıblar. Müsabiqənin qalibi olan iki müəllim əlavə olaraq notebook və planşetlə mükafatlandırılıb. Müsabiqədə fəxri iştirakçılar da mükafatlandırılıblar.
“Murov Qartalı Raquf Orucov adına Zəfər Olimpiadası 2026” müəllimlərin akademik biliklərinin və pedaqoji bacarıqlarının qiymətləndirilməsi, beynəlxalq təcrübə qazanmaları, peşəkar inkişaflarının dəstəklənməsi və təhsil ictimaiyyətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli layihə kimi yadda qalıb.
Zəfər Olimpiadası bir daha nümayiş etdirib ki, müəllimin inkişafına qoyulan sərmayə gələcəyin inkişafına qoyulan sərmayədir. Layihə yalnız qaliblər yetişdirməklə kifayətlənmir, müəllimlərin həyatında yeni imkanlara, peşəkar uğurlara və ilhamverici hekayələrə yol açan bir platforma kimi öz fəaliyyətini davam etdirir.















