Reklam
Reklam
Reklam

İKZF 91 yeni mənzili kirayə mexanizmi ilə satışa çıxarır

İpoteka və Kredit Zəmanət Fondu Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən yaşayış komplekslərində 91 yeni, tam təmirli mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşların seçiminə təqdim edəcək. Mənzillər üzrə aylıq ödənişlər 419 manatdan başlayır.

PostNews xəbər verir ki, yeni mənzillərin seçimi 24 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən mümkün olacaq.

Fondun məlumatına görə, mənzillər üç ünvanda yerləşir:

  • Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 27 mənzil;
  • Sumqayıt şəhəri, Sülh prospekti – 38 mənzil;
  • Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 26 mənzil.

Ümumilikdə təqdim ediləcək 91 mənzil 1, 2 və 3 otaqlıdır. Yaşayış sahələrinin siyahısı ilə Fondun təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.

Müraciətlər “Mygov” portalı üzərindən qəbul ediləcək

Mənzillər üzrə müraciətlərin qəbulu və seçim prosesi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək.

Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla da Fondun təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumatı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), YouTube kanalından, həmçinin 1549 Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Paylaş: