Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Rumıniya iqtisadiyyatına 400 milyon ley (təxminən 78,4 milyon avro) investisiya yatırıb. Şirkətin bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayı hazırda 110-a çatıb, 2025-ci ildə dövriyyəsi isə 3,9 milyard ley təşkil edib.
PostNews xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir. Şirkət ölkənin yanacaq bazarında mövqelərini genişləndirərək yanacaqdoldurma məntəqələri şəbəkəsini və logistika infrastrukturunu inkişaf etdirir.
SOCAR-ın Rumıniyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri pərakəndə yanacaq satışı şəbəkəsinin genişləndirilməsidir. Şirkət 2025-ci ilin sonuna qədər ölkədəki yanacaqdoldurma məntəqələrinin sayını 91-ə çatdırıb. 2026-cı il üçün isə şəbəkənin 100 məntəqəni keçməsi hədəflənib.
Oktyabrın 30-da Rumıniyanın Qalats şəhərində SOCAR-ın 100-cü yanacaqdoldurma məntəqəsinin açılışı keçirilib. Yeni məntəqədə “Nano” markası altında benzin və dizel yanacağı təklif olunur. Burada Azərbaycan və yerli məhsulların təqdim edildiyi “Nar” kafesi də fəaliyyət göstərir.
Hazırda SOCAR-ın Rumıniyada 110 yanacaqdoldurma məntəqəsi mövcuddur.
SOCAR-ın Rumıniyada üç yanacaqsaxlama deposu var
Şirkətin Rumıniyadakı fəaliyyəti yalnız yanacağın pərakəndə satışı ilə məhdudlaşmır. SOCAR-ın ölkədə Teiuş, Oneşti və Konstansa şəhərlərində yerləşən üç yanacaqsaxlama deposu fəaliyyət göstərir. Bu infrastruktur yanacağın saxlanılması və yanacaqdoldurma məntəqələri şəbəkəsinə çatdırılmasında mühüm rol oynayır.
Maliyyə göstəricilərinə gəlincə, “SOCAR Petroleum SA” 2025-ci ildə 3,9 milyard ley (təxminən 750 milyon avro) dövriyyəyə malik olub. Bu, əvvəlki illə müqayisədə 9,7% artım deməkdir.
Qeyd edək ki, SOCAR Rumıniya bazarına 2011-ci ildə daxil olub. İlk mərhələdə 13 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlayan şirkət sonrakı illərdə şəbəkəsini ölkənin müxtəlif bölgələrinə genişləndirib.
Hazırda Rumıniya SOCAR-ın Avropa İttifaqı məkanındakı əsas fəaliyyət istiqamətlərindən biri hesab olunur. Şirkətin investisiyaları yanacaq satışı obyektlərinin inkişafını, saxlama infrastrukturunun genişləndirilməsini və ölkə daxilində təchizat imkanlarının artırılmasını əhatə edir.



