Reklam
Reklam
Reklam

Böyük Britaniya Naxçıvanın Orta Dəhlizdə logistika qovşağına çevrilməsində maraqlıdır

Böyük Britaniya Naxçıvanın Orta Dəhlizin mühüm logistika qovşaqlarından birinə çevrilməsi perspektivini dəstəkləyir. Britaniya şirkətləri dəmir yolu infrastrukturunun modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində əməkdaşlıqda maraqlıdır.

PostNews xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman noyabrın 17-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, iki həftə əvvəl Naxçıvana ilk səfəri zamanı Azərbaycanın Prezidentinin xüsusi nümayəndəsi və Naxçıvan Muxtar Respublikasının Baş naziri ilə görüşlər keçirib. Görüşlərdə praktiki əməkdaşlığın dörd istiqaməti – logistika, energetika, turizm və kənd təsərrüfatı müzakirə olunub.

“Naxçıvan Orta Dəhlizdə logistika qovşağına çevrilmək üçün real potensiala malikdir”, – deyə Norman qeyd edib.

Britaniya dəmir yolu mütəxəssisləri Naxçıvana səfər edəcək

Diplomat vurğulayıb ki, Britaniya şirkətləri dəmir yolu infrastrukturunun modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində geniş təcrübəyə malikdir.

Onun sözlərinə görə, Böyük Britaniyanın ticarət komandası bu istiqamətdə müzakirələri davam etdirmək məqsədilə britaniyalı dəmir yolu mütəxəssislərinin Naxçıvana tanışlıq səfərini təşkil edəcək.

Bundan əlavə, Böyük Britaniyanın “Chapman Taylor” şirkəti Naxçıvan şəhərinin inkişafı üzrə 20 illik baş plan hazırlayır.

“Britaniya ekspertizası artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verir”, – deyə səfir bildirib.

Paylaş: