Reklam
Reklam
Reklam

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini açıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Yeni məntəqə ölkənin şimal-şərqində yerləşən Neamt rayonunun Horia şəhərində fəaliyyətə başlayıb.

PostNews xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, yeni yanacaqdoldurma məntəqəsi SOCAR-ın Neamt rayonunda sayca yeddinci obyektidir. Müasir xidmət infrastrukturu ilə təchiz olunan məntəqədə müştərilərə benzin və dizel yanacaqları ilə yanaşı, müxtəlif əlavə xidmətlər də təqdim ediləcək.

“Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində məntəqənin ərazisində yerləşən “Nar” kafedə Azərbaycan guşəsi yaradılıb. Burada yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilir.

SOCAR qeyd edir ki, yeni yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi şirkətin Rumıniya bazarında pərakəndə satış mövqelərinin gücləndirilməsi və fəaliyyət coğrafiyasının genişləndirilməsi strategiyasının tərkib hissəsidir.

SOCAR-ın Rumıniyadakı dövriyyəsi 750 milyon avroya çatıb

Qeyd edək ki, SOCAR Rumıniyada fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.

Şirkətin 2025-ci ildə dövriyyəsi 3,9 milyard Rumıniya leyi (təxminən 750 milyon avro) təşkil edib. Bu, əvvəlki illə müqayisədə 9,7% artım deməkdir.

Hazırda şirkətin Rumıniya üzrə üç yanacaq saxlama deposu mövcuddur. SOCAR indiyədək ölkə iqtisadiyyatına 400 milyon ley (təxminən 78,4 milyon avro) həcmində investisiya yatırıb.

Paylaş: