Reklam
Reklam
Reklam

TAP Avropaya 64 milyard kubmetrdən çox qaz nəql edib

Transadriatik Qaz Boru Kəməri (TAP) 2020-ci ildə kommersiya fəaliyyətinə başladığı vaxtdan indiyədək Avropa bazarlarına 64 milyard kubmetrdən çox təbii qaz çatdırıb. Kəmər Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Avropaya nəqlində mühüm rol oynayır.

PostNews xəbər verir ki, bu barədə TAP konsorsiumunun qaz kəmərinin kommersiya fəaliyyətinə başlamasının altıncı ildönümü münasibətilə noyabrın 15-də yaydığı məlumatda bildirilib.

Məlumata görə, altı il ərzində TAP vasitəsilə Avropa istehlakçılarına qazın təhlükəsiz çatdırılması təmin edilib. Bu, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə verib.

Konsorsium qeyd edib ki, Avropa enerji bazarının dəyişən tələbatına uyğunlaşmaq və qaz kəmərinin əməliyyat dayanıqlığını artırmaq istiqamətində işlər davam etdirilir.

“Altı ildən sonra da infrastrukturumuzu inkişaf etdirməyə davam edirik”, – deyə məlumatda vurğulanıb.

TAP-ın ötürücülük gücü 20 milyard kubmetrə çatdırıla bilər

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. Kəmər vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz Avropa bazarlarına nəql edilir.

Ümumi uzunluğu 877 kilometr olan boru kəməri Yunanıstan-Türkiyə sərhədindən başlayır, Yunanıstan və Albaniya ərazilərindən keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkil edir. Mövcud infrastrukturun genişləndirilməsi hesabına bu göstəricinin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.

Paylaş: