Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq, onların dost siyahısında olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla onlayn dələduzluqların törədilməsi barədə məlumatlar daxil olub.
PostNews xəbər verir ki, məlumat DİN-ə istinadən təqdim edilib.
Bildirilib ki, həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qanunsuz əməlləri törətməkdə şübhəli bilinən və əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.
Araşdırmalar göstərib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə mesajlar göndərərək guya “bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı” barədə məlumat verib və onların kart məlumatlarını ələ keçirib.
Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. Daha sonra o, pul vəsaitini xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov 150-yə yaxın vətəndaşa maddi ziyan vurub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşlara müraciət edərək bildirir ki, bank əməkdaşları və ya digər qurumlar heç bir halda kart məlumatları, “PIN”, “OTP” və digər təhlükəsizlik kodlarını tələb etmirlər. Belə hallarla qarşılaşan şəxslərə əlaqəni dərhal dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.
