xəbər verir ki, ödəniş fermer Rasim Allahverdiyevə məxsus, rayonun Rəncbər kəndində yerləşən 5,11 hektarlıq arpa sahəsinə dəymiş zərərə görə edilib.
Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, sel-subasma hadisəsi nəticəsində əkin sahəsinə 82% zərər dəyib. Zərərin dərəcəsi və azadolma məbləği nəzərə alınaraq fermerə 2 931 manat sığorta ödənişi verilib.
Fermer 5,11 hektar sahəni 49,6 manata sığortalayıb
Dövlət dəstəyi nəzərə alınmaqla, fermerin arpa sahəsinin hər hektarını sığortalamaq üçün çəkdiyi xərc 9,7 manat, 5,11 hektarlıq bütün sahənin sığortası üçün ödədiyi məbləğ isə 49,6 manat təşkil edib.
Rasim Allahverdiyev aqrar sığorta ödənişindən və ümumilikdə Aqrar Sığorta Fondunun fəaliyyətindən razılığını bildirib. O, digər fermerləri də təsərrüfatlarını mümkün risklərdən qorumaq üçün sığortadan yararlanmağa çağırıb.
Hacıqabul fermerlərinə 725 min manatdan çox ödəniş edilib
Qeyd edək ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən Hacıqabul rayonundakı fermer və təsərrüfatlara ümumilikdə 725 190 manat sığorta ödənişi həyata keçirilib. Bildirilib ki, bu məbləğ hər ay artır.
Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq (akvakultura) təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Güzəştli şərtlərlə təsərrüfatını sığortalayan sahibkarlar sığorta hadisəsi nəticəsində zərərlə üzləşdikdə müvafiq ödəniş ala bilirlər.
Fond fermerləri və təsərrüfat sahiblərini heyvanlarını, payızlıq əkin sahələrini, tarla bitkilərini, meyvə bağlarını və heyvandarlıq təsərrüfatlarını dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırıb.
Aqrar sığortanın şərtləri, xidmətlər və sığorta haqları barədə məlumatı Fondun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzindən əldə etmək mümkündür.



