Mikro sahibkarlıq subyektlərinin fəaliyyət miqyasını genişləndirərək kiçik və daha yüksək sahibkarlıq kateqoriyalarına keçidini stimullaşdırmaq üçün yeni vergi güzəşti mexanizmi təklif olunur. Dəyişiklik layihəsinə əsasən, kateqoriyası yüksələn mikro sahibkarlar əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş vergilərin 100 faizi həcmində güzəştdən yararlana biləcəklər.
PostNews xəbər verir ki, bu mexanizm Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində nəzərdə tutulub.
Mikro sahibkarların böyüməsinə vergi dəstəyi
Mikro sahibkarlıq subyektləri məşğulluğun təmin olunmasında, iqtisadi aktivliyin artırılmasında və regionlarda sahibkarlığın inkişafında mühüm rol oynayır.
Aparılan təhlillər və sahibkarlarla müzakirələr göstərir ki, biznesin fəaliyyət miqyası genişləndikcə daha yüksək sahibkarlıq kateqoriyasına keçid zamanı vergi yükünün artması sahibkarların böyümə motivasiyasını zəiflədən amillərdən biridir.
Bu problemin aradan qaldırılması və bizneslərin inkişafının dəstəklənməsi məqsədilə yeni güzəşt mexanizminin tətbiqi təklif olunur.
Vergi güzəşti necə tətbiq ediləcək?
Təklifə əsasən, dövriyyə həcminə görə daha yüksək sahibkarlıq kateqoriyasına keçən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həcmində güzəşt veriləcək.
Güzəşt məbləği sahibkarın sonrakı illərdə yaranan ümumi vergi öhdəliyindən çıxılacaq. Bu məbləğin illər üzrə silinməsinə məhdudiyyət qoyulmadan, sahibkarın yuxarı kateqoriyada olduğu növbəti illərdə istifadə edilməsi nəzərdə tutulur.
Beləliklə, mikro sahibkar kateqoriyasını dəyişdikdən sonra əvvəlki hesabat ili üzrə ödədiyi vergilər hesabına yeni kateqoriyada yaranan vergi öhdəliyini qarşılamaq imkanı əldə edə bilər.
Yeni mexanizm sahibkarlara nə qazandıracaq?
Təklif olunan güzəştin əsas məqsədi mikro sahibkarlıq subyektlərinin böyüməsi zamanı yaranan əlavə fiskal yükü yumşaltmaqdır.
Mexanizmin tətbiqi nəticəsində:
- Sahibkarların likvidlik risklərinin azaldılması;
- İnvestisiya imkanlarının genişləndirilməsi;
- Mikro bizneslərin daha yüksək kateqoriyalara keçidinin stimullaşdırılması;
- Sahibkarlığın mərhələli inkişafının dəstəklənməsi;
- Kölgə iqtisadiyyatına meylin azaldılması nəzərdə tutulur.
Vergi güzəşti necə hesablanacaq? – Nümunə
Təklif olunan mexanizmin tətbiqi aşağıdakı nümunə ilə izah olunur.
Mikro sahibkarlıq subyekti kimi topdansatış fəaliyyəti göstərən müəssisənin illik dövriyyəsi 200 min manat həddini keçdiyi üçün 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına daxil olur.
Müəssisə 2026-cı il üzrə dövlət büdcəsinə 2 000 manat mənfəət vergisi hesablayaraq ödəyib. Yeni mexanizmə əsasən, həmin məbləğ sahibkarın hesabında vergi güzəşti kimi tanınır.
Əgər müəssisənin 2027-ci il üzrə ümumi vergi öhdəliyi 1 500 manat təşkil edərsə, bu məbləğ 2 000 manatlıq güzəşt hesabına tam qarşılanacaq. Beləliklə, sahibkar 2027-ci il üzrə əlavə vergi ödəməyəcək.
Güzəştdən istifadə edildikdən sonra qalan 500 manat isə növbəti illərdə yaranacaq vergi öhdəliyindən çıxılacaq.
Yeni mexanizmin əsas hədəfi mikro sahibkarların fəaliyyətini genişləndirməsini və daha yüksək sahibkarlıq kateqoriyasına keçməsini vergi baxımından stimullaşdırmaqdır.




