“ASAN xidmət” modelinin Pakistanda təkmilləşdirilməsi və ölkənin müxtəlif bölgələrində tətbiqi istiqamətində işlər genişləndiriləcək.
PostNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti ilə İslamabadda səfərdə olub.
Səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib. Baş nazir, həmçinin “Pakistan ASAN xidmət” mərkəzinin genişləndirilməsi ilə bağlı hökumətin iclasını keçirib.
Pakistan “ASAN xidmət” modelinin genişləndirilməsini planlaşdırır
Görüş zamanı İslamabadda “Pakistan ASAN xidmət” mərkəzinin yaradılmasına və fəaliyyətinin uğurla təşkilinə göstərilən davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.
Məhəmməd Şahbaz Şərif mərkəzi mühüm təşəbbüs və əhaliyə xidmət göstərən böyük ictimai xidmət müəssisəsi kimi qiymətləndirib. Qeyd olunub ki, bu fəaliyyət dövlət xidmətlərinin vahid məkanda təqdim olunmasında əsaslı dönüş yarada bilər.
Tərəflər Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, ölkə üzrə genişləndirilməsi və Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələrini müzakirə ediblər.
Baş nazir audit hesabatında göstərilən təkmilləşdirmə istiqamətlərinin prioritet qaydada icrası ilə bağlı tapşırıqlar verib.
Azərbaycandakı təcrübəyə uyğun səlahiyyətli qurum yaradılacaq
Pakistanın Baş naziri Azərbaycanın təcrübəsinə uyğun olaraq birbaşa ona tabe olan səlahiyyətli qurumun yaradılması barədə də göstəriş verib.
Bununla yanaşı, “Pakistan ASAN xidmət” modelinin ölkənin bölgələrində tətbiqi və xidmət şəbəkəsinin genişləndirilməsi məqsədilə əyalət hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi tapşırılıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında da görüş keçirilib.
Görüşdə “Pakistan ASAN xidmət” modelinin genişləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.



