Reklam
Reklam
Reklam

Sahil Babayev 2027-ci ilin icmal büdcəsinin əsas göstəricilərini açıqlayıb

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 619,2 milyon manat, xərcləri isə 50 milyard 377,1 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin kəsirinin 2 milyard 757,9 milyon manat təşkil edəcəyi və cari illə müqayisədə 28,7 faiz azalacağı gözlənilir. Qeyri-neft sektorunun icmal büdcə gəlirlərində payı 64,5 faizə çatacaq.

PostNews xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, 2027-ci ildə icmal büdcənin gəlirləri cari illə müqayisədə 2,6 milyard manat və ya 5,9 faiz artacaq.

İcmal büdcə gəlirlərinin 64,5 faizinin və ya 30,7 milyard manatının qeyri-neft sektoru üzrə daxilolmaların, 35,5 faizinin və ya 16,9 milyard manatının isə neft-qaz sektoru üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

İcmal büdcənin xərcləri 50,4 milyard manat olacaq

Sahil Babayev bildirib ki, növbəti il üçün icmal büdcənin xərcləri 50,4 milyard manat nəzərdə tutulur. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 5,7 milyard manat və ya 12,8 faiz çoxdur.

İcmal büdcə xərclərinin ÜDM-də payının 35,7 faiz, qeyri-neft ÜDM-də payının isə 46,2 faiz olacağı gözlənilir.

Nazirin sözlərinə görə, icmal büdcənin kəsiri cari illə müqayisədə 1,1 milyard manat və ya 28,7 faiz azalaraq 2,8 milyard manat təşkil edəcək. Kəsirin ümumi daxili məhsula nisbəti 2 faiz səviyyəsində proqnozlaşdırılır.

Dövlət Neft Fondunun büdcəsi profisitlə proqnozlaşdırılır

Maliyyə naziri bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2027-ci il üzrə gəlirləri 13,3 milyard manat, xərcləri isə 12,1 milyard manat həcmində nəzərdə tutulur. Beləliklə, Fondun büdcəsində 1,2 milyard manat profisit yaranacağı gözlənilir.

Digər dövlət fondlarının gəlir və xərcləri isə aşağıdakı kimi proqnozlaşdırılır:

  • Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,2 milyard manat, xərcləri 9,3 milyard manat;
  • İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,3 milyard manat, xərcləri 3 milyard manat;
  • İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 milyon manat, xərcləri 319,2 milyon manat.

Sahil Babayev qeyd edib ki, bu fondların büdcələrində yaranacaq kəsirlər onların formalaşdırdıqları ehtiyatlar hesabına qarşılanacaq.

Naxçıvana ayrılan dotasiya 6,4 faiz azalacaq

Nazirin sözlərinə görə, 2027-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat təşkil edəcək.

Muxtar Respublikanın öz gəlirlərinin cari illə müqayisədə 40 milyon manat və ya 15 faiz artması gələn il dövlət büdcəsindən ayrılacaq dotasiyanın 13,6 milyon manat və ya 6,4 faiz azaldılmasına imkan yaradacaq.

Sahil Babayev vurğulayıb ki, 2027-ci il üzrə dövlət və icmal büdcələrin layihələri ölkənin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla hazırlanıb.

Nazirin fikrincə, büdcə layihələri Prezident İlham Əliyev tərəfindən prioritet kimi müəyyən edilmiş istiqamətlərin, eləcə də dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün maliyyə təminatı formalaşdıracaq.

Paylaş: