Azərbaycanda dollarlaşma səviyyəsi illik müqayisədə 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib. Bu, tarixi minimum göstəricidir. Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin ilk 10 ayında 4,1 faiz artaraq 88,6 milyard dollara çatıb.
PostNews xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
T.Kazımov bildirib ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, ölkədə iqtisadi inkişaf davam edib, sosial rifah yüksəlib və makroiqtisadi sabitlik qorunub.
İllik inflyasiya 5,2 faiz təşkil edib
Mərkəzi Bankın sədrinin sözlərinə görə, 2026-cı ilin oktyabr ayının yekunlarına əsasən, illik inflyasiya 5,2 faiz olub. Bu göstərici Mərkəzi Bankın hədəf diapazonuna uyğundur.
Bankın oktyabr ayında açıqladığı proqnozlara əsasən, 2027–2028-ci illərdə orta illik inflyasiyanın 5,3 faiz təşkil edəcəyi gözlənilir.
T.Kazımov qeyd edib ki, cari ilin yanvar–oktyabr aylarında ölkə iqtisadiyyatı 1,7 faiz, qeyri-neft-qaz sektoru isə 2,9 faiz artıb.
Mərkəzi Bankın proqnozlarına görə, 2027-ci ilin sonunda ÜDM artımının 2,3 faiz, qeyri-neft-qaz ÜDM artımının isə 4,3 faiz olacağı gözlənilir.
Xarici ticarət balansında 10,5 milyard dollarlıq profisit qeydə alınıb
Xarici sektorun vəziyyətinə toxunan Mərkəzi Bankın sədri bildirib ki, 2026-cı ilin ilk 9 ayında xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları təşkil edib.
Cari əməliyyatlar balansında isə ilin ilk 6 ayı üzrə 4,7 milyard dollarlıq profisit qeydə alınıb. Bu göstərici ÜDM-in 12,4 faizinə bərabərdir.
T.Kazımovun sözlərinə görə, 2026-cı ilin yekununda cari əməliyyatlar balansının profisitinin 8,5 milyard dollar, 2027-ci ilin sonunda isə təxminən 5,5 milyard dollar olacağı proqnozlaşdırılır.
Azərbaycanın strateji valyuta ehtiyatları 88,6 milyard dollara çatıb
Mərkəzi Bankın İdarə Heyətinin sədri strateji valyuta ehtiyatlarının artımını ölkənin xarici şoklara qarşı maliyyə dayanıqlılığının mühüm göstəricisi kimi qiymətləndirib.
O bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ilin ilk 10 ayında 4,1 faiz artaraq 88,6 milyard dollara yüksəlib.
Bu ehtiyatlar ölkənin 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir. Həmçinin strateji valyuta ehtiyatları manatla geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir.
T.Kazımov valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentlərdə təklifin tələbi əhəmiyyətli dərəcədə üstələdiyini vurğulayıb.
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard dollara yüksəlib
Mərkəzi Bankın sədri vətəndaşların milli valyutaya və bank sektoruna inamının artmaqda davam etdiyini bildirib.
“Vətəndaşların manata inamı və o cümlədən bank sektoruna inamı artmaqda davam edir”, – deyə T.Kazımov qeyd edib.
Onun sözlərinə görə, dollarlaşma səviyyəsi illik müqayisədə 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib. Bu, tarixi minimum göstəricidir. 2021-ci ilin sonu ilə müqayisədə isə dollarlaşma səviyyəsi 15,4 faiz azalıb.
T.Kazımov əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları da cari ilin ilk 10 ayında 34 faiz və ya 3,9 milyard dollar artaraq 15,4 milyard dollara çatıb. Bu, qurumun tarixində ən yüksək göstəricidir.



