İslam İnkişaf Bankı (İİB) Türkiyənin İstanbul şəhərinin şimalında dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutan INRAIL layihəsinin maliyyələşdirilməsi üçün 660 milyon avro məbləğində saziş imzalayıb. Layihə çərçivəsində təxminən 127 kilometrlik elektrikləşdirilmiş dəmir yolu infrastrukturunun tikintisi planlaşdırılır.
PostNews xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının məlumatında bildirilib.
Saziş BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində Antalyadakı EXPO sərgi mərkəzində Türkiyənin Xəzinədarlıq və maliyyə nazirliyi ilə İİB arasında imzalanıb.
İmzalanma mərasimi Türkiyənin xəzinədarlıq və maliyyə naziri, ölkənin İİB-dəki nümayəndəsi Mehmet Şimşekin, eləcə də çoxtərəfli inkişaf banklarının təmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində baş tutub.
Bankın məlumatına görə, çoxtərəfli inkişaf banklarının dəstəyi ilə ümumi dəyəri təxminən 5,1 milyard ABŞ dolları olan 10 layihə və proqramın maliyyələşdirilməsi elan edilib. Həmin təşəbbüslər Paris Sazişi və Türkiyənin milli səviyyədə müəyyən edilmiş ikinci töhfəsi (NDC 3.0) çərçivəsində ölkənin iqlim hədəflərinə nail olmasına yönəlib.
Layihələr iqlim dəyişikliklərinə davamlı infrastrukturun yaradılması, aşağı karbon emissiyalı nəqliyyatın inkişafı, dayanıqlı sənayeləşmə, iqlim dəyişikliklərinə uyğunlaşdırılmış kənd təsərrüfatı, şəhərlərin ekoloji dayanıqlığının artırılması və iqtisadi dayanıqlığın gücləndirilməsi istiqamətlərini əhatə edir.
İİB-nin Türkiyədə ən böyük suveren maliyyələşdirmə əməliyyatı
660 milyon avro həcmində maliyyələşdirmə İslam İnkişaf Bankının Türkiyədə həyata keçirdiyi ən böyük suveren maliyyə əməliyyatı kimi qiymətləndirilir. Vəsaitlər Türkiyənin Nəqliyyat və infrastruktur nazirliyi tərəfindən icra olunacaq INRAIL strateji infrastruktur layihəsinə yönəldiləcək.
Sazişin digər əhəmiyyətli tərəfi isə İİB ilə Türkiyə arasında “Forward Lease” (maliyyə lizinqi) mexanizmi üzrə imzalanmış ilk maliyyələşdirmə sazişi olmasıdır.
INRAIL layihəsi müasir siqnalizasiya sistemi ilə təchiz edilmiş, elektrikləşdirilmiş, təxminən 127 kilometrlik dəmir yolu infrastrukturunun tikintisini və inkişafını nəzərdə tutur. Layihənin Avropa ilə Asiya arasında yük və sərnişin daşımalarının səmərəliliyini artıracağı, qitələrarası dəmir yolu əlaqələrini gücləndirəcəyi gözlənilir.
İslam İnkişaf Bankının məlumatına əsasən, bankın icraçı direktorlar şurası layihənin maliyyələşdirilməsini 2026-cı ilin iyun ayında təsdiqləyib.
Layihə Orta Dəhlizin imkanlarını genişləndirəcək
Bankın bildirdiyinə görə, İslam İnkişaf Bankı Qrupu tərəfindən Türkiyədə təsdiqlənmiş layihələrin ümumi maliyyələşdirmə həcmi 16,5 milyard ABŞ dollarını ötüb. Bu vəsaitlər infrastruktur, səhiyyə, bərpaolunan enerji, sürətli dəmir yolu əlaqəsi, təhsil, kənd təsərrüfatı, maliyyə, özəl sektorun inkişafı və beynəlxalq ticarət daxil olmaqla müxtəlif sahələrdə 556 layihənin həyata keçirilməsinə yönəldilib.
Qeyd edək ki, INRAIL layihəsinin icrası dəmir yolu daşımalarının illik buraxılış qabiliyyətini 3 milyon tondan 50 milyon tona çatdırmağa imkan verəcək. Layihənin ümumi dəyəri 8,1 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Maliyyələşdirmənin təxminən 83 faizi beynəlxalq maliyyə institutları tərəfindən təmin olunur.
Türkiyədə dəmir yolu infrastrukturunun inkişafı Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması baxımından da əhəmiyyət daşıyır. Layihənin Avropa ilə Asiya arasındakı marşrutun buraxılış qabiliyyətini artıracağı və mövcud logistika məhdudiyyətlərinin azaldılmasına töhfə verəcəyi gözlənilir.



