İğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel Qafqazda elmi və akademik əməkdaşlığın genişləndirilməsi məqsədilə üç təşəbbüs irəli sürüb. Təkliflərə Qafqaz Universitetləri Şəbəkəsinin yaradılması, Araz hövzəsi üzrə birgə tədqiqat proqramının həyata keçirilməsi və İpək Yolu üzrə gənc tədqiqatçıların mübadiləsi daxildir.
PostNews xəbər verir ki, bu təkliflər Türkiyənin İğdır şəhərində keçirilən “Beynəlxalq Qafqaz Konqresi: İpək Yolunun Yenidən Doğuşu” tədbirinin açılışında İğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel tərəfindən səsləndirilib.
Türkiyənin Ticarət Nazirliyinin himayəsi, İğdır Universitetinin ev sahibliyi və konqresin fəxri sədri, AK Partiya sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Prof. Dr. Kürşad Zorlunun rəhbərliyi ilə təşkil olunan tədbirdə Qafqaz regionunun nəqliyyat, ticarət, elmi və mədəni əməkdaşlıq perspektivləri müzakirə olunub.
Açılış nitqində Ekrem Gürel iştirakçıları salamlayaraq İğdırın coğrafi və strateji mövqeyinə diqqət çəkib. Bildirib ki, üç ölkə ilə həmsərhəd olan İğdır Türkiyənin Qafqaza və Türk dünyasına açılan mühüm qapılarından biridir.
Rektorun sözlərinə görə, İğdırın coğrafi mövqeyi yalnız xəritədəki sərhədlərlə məhdudlaşmır. Şəhər şərqdə Naxçıvan, Araz çayının o tayında Ermənistan, cənub-şərqdə isə İranla qonşudur. Bölgənin ortaq coğrafi simvollarından biri də hündürlüyü 5 min metri aşan Ağrı dağıdır.
Ekrem Gürel qeyd edib ki, İğdırdan, Naxçıvandan, İrəvandan və Bazərgandan eyni dağa baxmaq mümkündür. Bu coğrafiyada insanlar ayrı-ayrı şəhərlərdə yaşasalar da, eyni üfüqü bölüşürlər.
Çıxışda Nuh peyğəmbərlə bağlı rəvayətlərə də toxunulub. Bildirilib ki, qədim rəvayətlərdə tufandan sonra insanlığın Ağrı dağının ətəklərində yenidən başladığı söylənilir. Naxçıvanda bu gün də Nuh peyğəmbərə aid edilən türbənin ziyarət olunması bölgənin “yenidən başlamaq” anlayışı ilə tarixi-mədəni bağlılığını göstərən nümunə kimi təqdim edilib.
İpək Yolunun yenidən doğuşu və Zəngəzur dəhlizinin əhəmiyyəti
Konqresin əsas mövzusunun “İpək Yolunun yenidən doğuşu” olduğunu vurğulayan rektor əsrlər boyu Şərqlə Qərbi birləşdirən, sivilizasiyaların, mədəniyyətlərin və ticarətin əsas damarlarından biri olan tarixi İpək Yolunun mövcud qlobal şəraitdə yenidən əhəmiyyət qazandığını bildirib.
Ekrem Gürel Zəngəzur dəhlizinin açılması ilə İğdırın strateji əhəmiyyətinin daha da artdığını qeyd edib. Onun sözlərinə görə, şəhər Türkiyənin Qafqaza və Türk dünyasına açılan ən mühüm qapılarından birinə çevrilmək potensialına malikdir.
Rektor regionun gələcəyi ilə bağlı qərarların məhz bu coğrafiyada müzakirə edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Qafqazın inkişaf modelləri, logistika marşrutları və mədəni inteqrasiyası bölgənin öz alimləri, mütəxəssisləri və nümayəndələri tərəfindən formalaşdırılmalıdır.
Ekrem Gürel sərhəd kəndində böyüdüyünü, uşaqlıqdan Ağrı dağına baxaraq onun o tayında nələrin olduğunu düşündüyünü də xatırladıb. Bu gün müxtəlif ölkələrdən gələn nümayəndələrin eyni zalda toplaşmasını həmin marağın cavabı kimi qiymətləndirib.
O, çıxışında Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və digər ölkələrdən gələn qonaqları onların dillərində də salamlayıb.
İpək Yolunun əsas dayağı etimaddır
Konqresdə tarixi İpək Yolunun yalnız ticarət mallarının daşındığı marşrut olmadığı, xalqlar arasında sözlərin, musiqilərin, hekayələrin və mədəni dəyərlərin də yayılmasına xidmət etdiyi vurğulanıb.
Ekrem Gürel Təbrizdən Trabzona, Naxçıvandan Qarsa və Ani şəhərinə gedən karvanların Ağrı dağının hər iki tərəfindən keçdiyini xatırladıb. Həmin karvanların ipək, ədviyyat və xalça ilə yanaşı, müxtəlif mədəniyyətlərin izlərini də daşıdığını bildirib. Venesiyalı səyyah Marko Polonun da səyahətnaməsində bu dağdan bəhs etdiyini qeyd edib.
Bitki alimi olduğunu xatırladan rektor İpək Yolu ilə daşınan başqa bir mühüm məhsulun toxum olduğunu diqqətə çatdırıb. Ağrı dağı və ətrafının Türkiyənin beş mikro gen mərkəzindən biri olduğunu bildirib. Elmi dünyada bu coğrafiyada yetişən yabanı buğda növünün “Ağrı dağı buğdası” adlandırıldığını qeyd edib. Bununla da bölgənin insanlığın ərzaq və çörək tarixindəki roluna diqqət çəkib.
Rektor çıxışında İpək Yolunun əsrlər boyu yaşamasının əsas səbəbinin ipək deyil, etimad olduğunu vurğulayıb. Bildirib ki, bir tacirin Təbrizdə verdiyi söz Ərzurumda da keçərli olduqda, karvansarayların qapıları bütün yolçulara eyni şəkildə açıldıqda ticarət yolları fəaliyyətini davam etdirib. Etimadın itirildiyi yerlərdə isə ən qədim yollar belə boşalıb.
Bu baxımdan “İpək Yolunun yenidən doğuşu” anlayışının yalnız dəmir yollarının və avtomobil yollarının inşası ilə məhdudlaşmadığı, qonşular arasında itirilmiş etimadın bərpasını da nəzərdə tutduğu bildirilib.
224 kilometrlik dəmir yolu xətti Orta Dəhlizin mühüm hissəsi olacaq
Çıxışda regionun nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı layihələrə də toxunulub.
Ekrem Gürel bildirib ki, Qarsdan İğdıra, oradan Aralıq və Dilucuya qədər uzanan 224 kilometrlik dəmir yolu xəttinin təməli ötən il İğdır Universitetinin əsas kampusunun yaxınlığında qoyulub.
Layihə tamamlandıqdan sonra xətt vasitəsilə ildə 15 milyon ton yük və 5,5 milyon sərnişin daşınmasının nəzərdə tutulduğunu qeyd edən rektor dəmir yolunun Naxçıvan üzərindən Xəzər dənizinə və Orta Asiyaya uzanan Orta Dəhlizin mühüm hissələrindən birinə çevriləcəyini bildirib.
Çıxışda əvvəllər yerli əhali tərəfindən “Həsrət qapısı” adlandırılan Dilucu keçidinin gələcəkdə ticarət, dostluq və tələbə mübadiləsi üçün mühüm məntəqəyə çevrilə biləcəyi vurğulanıb.
Alican sərhəd-keçid məntəqəsinin təcrübəsi də xatırladılıb. Qeyd olunub ki, 2023-cü ildə baş verən dağıdıcı zəlzələdən sonra 30 il bağlı qalan həmin keçiddən Türkiyəyə humanitar yardım aparan yük maşınları keçib. Bu hadisə sərhəd qapılarının humanitar məqsədlər üçün də əhəmiyyətini nümayiş etdirən nümunə kimi təqdim olunub.
Universitetlər regionda etimadın və elmi əməkdaşlığın əsasını qoya bilər
Çıxışda nəqliyyat infrastrukturunun əhəmiyyəti ilə yanaşı, universitetlərin regional əməkdaşlıqda rolu xüsusi vurğulanıb.
Ekrem Gürel bildirib ki, dəmir yolları yükləri daşıdığı halda, universitetlər etimad yaradır. Diplomatlar sazişləri imzalayır, mühəndislər dəmir yolları çəkirlər, lakin Bakıdan və İrəvandan, Təbrizdən və İğdırdan, Tbilisidən və Qarsdan olan alimlərin eyni laboratoriyada ortaq problemlər üzərində işləməsini universitetlər təmin edə bilər.
Rektorun fikrincə, elmdə “digər tərəf” anlayışı yoxdur, yalnız hələ həll edilməmiş suallar mövcuddur.
İğdır Universitetinin 18 ildir bu yanaşma əsasında fəaliyyət göstərdiyini bildirən Gürel universitetin kənd təsərrüfatı ixtisaslaşması üzrə fəaliyyət göstərdiyini, 40-a yaxın ölkədən təxminən 1 100 əcnəbi tələbəsinin olduğunu diqqətə çatdırıb.
O, ötən il Naxçıvan Dövlət Universiteti ilə birlikdə Dədə Qorqud mövzusunun müzakirə edildiyini xatırladıb. Bununla yanaşı, İğdır Universitetinin regional elmi və akademik əməkdaşlığı daha geniş miqyasda inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Qafqazda əməkdaşlıq üçün üç konkret təklif
İğdır Universitetinin rektoru konqresin yalnız müzakirə platforması kimi qalmaması, davamlı institusional əməkdaşlığa çevrilməsi məqsədilə üç təklif irəli sürüb.
1. Qafqaz Universitetləri Şəbəkəsi
Konqresin hər il Qafqazın müxtəlif universitetlərində keçirilməsi və daimi əməkdaşlıq platformasına çevrilməsi təklif olunub. İğdır Universiteti bu şəbəkənin katibliyini üzərinə götürməyə hazır olduğunu bildirib.
2. Araz hövzəsi üzrə birgə tədqiqat proqramı
Araz çayının region ölkələri üçün ortaq əhəmiyyət daşıdığı vurğulanıb. Quraqlıq, torpaqların şoranlaşması, su ehtiyatları və genetik resursların sərhəd tanımayan məsələlər olduğu qeyd edilib. Bu problemlərin birgə layihələr və ortaq məlumat bazaları vasitəsilə araşdırılması təklif olunub.
3. İpək Yolu üzrə gənc tədqiqatçıların mübadiləsi
Region universitetləri arasında hər il tələbə və gənc alimlərin mübadiləsinin həyata keçirilməsi təklif edilib. İlk addım kimi gələn yay İğdırda birgə yay məktəbinin təşkili nəzərdə tutulur.
Ekrem Gürel bu təkliflərin konqres müddətində iştirakçılarla birlikdə daha da inkişaf etdirilməsini istədiyini bildirib. Çıxışda “Karvan yolda düzülər” atalar sözü xatırladılaraq əməkdaşlıq təşəbbüslərinin məhz bu konqresdən etibarən həyata keçirilməsinə çağırış edilib.
Konqresin təşkilatçılarına və tərəfdaşlarına təşəkkür edilib
Çıxışının sonunda Ekrem Gürel konqresin təşkilinə və həyata keçirilməsinə dəstək verən şəxslərə, dövlət qurumlarına və təşkilatlara təşəkkür edib.
İlk növbədə konqresin fəxri sədri, AK Partiya sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Prof. Dr. Kürşad Zorluya və onun komandasına təşəkkürünü bildirib.
Tədbirin əsas tərəfdaşı olan Türkiyənin Ticarət Nazirliyinə, tədbirdə iştirak edən nazir müavini Mahmut Gürcana və nazirliyin əməkdaşlarına minnətdarlıq ifadə edib.
İğdır valisi Fırat Taşoların dəstəyi xüsusi qeyd olunub. Həmçinin İğdır millət vəkili Cantürk Alagözə universitetin və şəhərin inkişafı, beynəlxalq səviyyədə tanıdılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib.
İğdırda fəaliyyət göstərən dövlət qurumları və təşkilatları, qonşu vilayətlərdən gələn bələdiyyə sədrləri və universitet rektorları da konqresə verdikləri töhfəyə görə minnətdarlıqla yad olunublar.
Tədbirin təşkilinə dəstək göstərən Halkbank, Yunus Əmrə İnstitutu, Türkiyə Noterlər Birliyi və Serhat Teknopark A.Ş.-yə də təşəkkür bildirilib.
Sonda aylarla davam edən hazırlıq prosesində iştirak edən Konqres Təşkilat Komitəsinin üzvlərinə, universitetin akademik və inzibati heyətinə minnətdarlıq ifadə olunub.
Ekrem Gürel konqresin Qafqaza və bütün bəşəriyyətə sülh, bərəkət və bilik gətirməsini arzulayıb.



