“Nvidia” şirkətinin Direktorlar Şurası Censen Huanqın prezident və baş direktor vəzifəsinə, həmçinin Direktorlar Şurasının üzvlüyünə qaytarılması barədə qərar qəbul edib. Qərar noyabrın 23-dən qüvvəyə minib. Xəbərdən sonra şirkətin səhmləri bazaröncəsi ticarətdə 25%-dən çox bahalaşıb.
PostNews xəbər verir ki, bu barədə “Nvidia”nın rəsmi açıqlamasında bildirilib.
Şirkətin Direktorlar Şurası Huanqla bir sıra görüş və müzakirələrdən sonra onun səmimiyyətindən və rəhbərlik qabiliyyətindən razı qaldığını açıqlayıb. Şuranın məlumatına görə, qərar qəbul edilərkən ABŞ hökumətinin yüksəkvəzifəli rəsmilərinin mövqeyi də nəzərə alınıb və Huanqın vəzifəyə qaytarılmasının milli təhlükəsizlik riski yaratmadığı qənaətinə gəlinib.
Direktorlar Şurasının sədri Harvi Cons bildirib ki, Censen Huanq “Nvidia”ya rəhbərlik etmək üçün doğru şəxsdir və onun şirkətə qayıtması səhmdarların, əməkdaşların, tərəfdaşların və müştərilərin maraqlarına uyğundur.
Huanq da vəzifəyə qayıtması ilə bağlı açıqlamasında şirkətə rəhbərlik etməkdən şərəf duyduğunu bildirib və Direktorlar Şurasına etimada görə təşəkkür edib.
Donald Tramp Huanqın qayıdışını dəstəkləyib
ABŞ Prezidenti Donald Tramp da “Nvidia” rəhbərliyinin qərarını dəstəkləyib. O, “Truth Social” platformasındakı paylaşımında Huanqın baş direktor vəzifəsinə qaytarılmasının həm şirkət, həm də ABŞ üçün ən yaxşı qərar olacağını qeyd edib.
Daha sonra Tramp Direktorlar Şurasının qərarını düzgün addım kimi qiymətləndirərək, ABŞ hökumətinin Huanqın şirkətə qayıtmasının milli təhlükəsizlik üçün risk yaratdığına dair əsasının olmadığını bildirib.
Huanqın istefasına səbəb olan araşdırma davam edir
Qeyd edək ki, Censen Huanq noyabrın 12-də şirkətdəki vəzifələrindən istefa verib. Bu qərar onun Çinlə əlaqələrdə şübhəli bilinən iş qadını ilə nikahdankənar münasibətləri barədə yayılan məlumatlardan sonra qəbul edilmişdi.
“Nvidia”nın Direktorlar Şurası Huanqın xarici kəşfiyyat fəaliyyətinin hədəfi olması ilə bağlı məlumatları araşdırmaq üçün müstəqil direktorlardan ibarət komitə yaradıb. Şirkət həmin araşdırmanın sona qədər davam etdiriləcəyini və Huanqın proseslə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.
Bundan əlavə, “Nvidia” milli təhlükəsizlik və ixrac nəzarəti risklərinə nəzarət etmək üçün müstəqil direktorlardan ibarət ayrıca komitə yaradıb. Şirkət həmçinin yeni uyğunluq üzrə baş direktor (Chief Compliance Officer) vəzifəsinə namizəd axtarışına başlayıb.
“Nvidia”nın maliyyə direktoru və müvəqqəti baş direktor vəzifəsini icra edən Kolet Kress isə maliyyə direktoru kimi fəaliyyətini davam etdirəcək.



