Vergi Məcəlləsinə dəyişiklik layihəsində kiçik sahibkarlıq subyekti kimi ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və illik dövriyyəsi əvvəlki illə müqayisədə 30%-dən çox azalmayan sahibkarlara gəlir (mənfəət) vergisi məbləğinin 25%-i həcmində güzəşt verilməsi nəzərdə tutulur. Güzəştin 5 il müddətinə tətbiqi təklif edilir.
PostNews xəbər verir ki, yeni güzəşt mexanizmi kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Kiçik sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində və iqtisadi aktivliyin davamlılığında mühüm rol oynayır. Bir sıra hallarda kiçik sahibkarlar müəyyən səbəblərdən orta sahibkarlıq kateqoriyasına keçə bilməsələr də, uzun müddət stabil fəaliyyətlərini davam etdirirlər.
Təklif olunan mexanizm məhz bu kateqoriyadan olan sahibkarların fəaliyyətinin dəstəklənməsini nəzərdə tutur.
Vergi güzəşti hansı şərtlərlə tətbiq olunacaq?
Dəyişiklik layihəsinə əsasən, güzəştdən yararlanmaq üçün sahibkarlıq subyekti aşağıdakı şərtlərə cavab verməlidir:
- Kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərməlidir;
- Dövlət büdcəsinə vergi borcu olmamalıdır;
- Dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmamalıdır;
- Vergi ili ərzində əmək münasibətləri pozulmamalıdır.
Bu şərtlərə cavab verən sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisi məbləğinin 25 faizi həcmində güzəşt verilməsi nəzərdə tutulur. Güzəştin 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiqi təklif olunur.
Yeni güzəşt mexanizmi sahibkarlara nə qazandıracaq?
Təklif olunan yanaşmanın kiçik sahibkarların fəaliyyətinin sabitləşdirilməsinə, dövriyyənin süni şəkildə azaldılmasının qarşısının alınmasına və rəsmi məşğulluğun qorunmasına şərait yaradacağı bildirilir.
Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.
20 min manat vergi güzəşti necə hesablanacaq?
Dəyişiklik layihəsində nəzərdə tutulan mexanizmin tətbiqi nümunə ilə də izah edilib.
Belə ki, 2026–2027-ci illərdə kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500 000 manat, 2027-ci ildə isə 700 000 manat olub. Beləliklə, müəssisənin illik dövriyyəsi əvvəlki illə müqayisədə artıb.
2027-ci ildə müəssisənin xərclərinin 300 000 manat olduğu nəzərə alınmaqla, 80 000 manat mənfəət vergisi hesablanıb.
Müəssisənin dövlət büdcəsinə vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə əsasən, 2027-ci ildə həmin vergi məbləğinin 25 faizi, yəni 20 000 manat azaldılır.
Nəticədə müəssisə 80 000 manat əvəzinə 60 000 manat vergi ödəyir.
Qeyd edək ki, sözügedən mexanizm Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.




