Reklam
Reklam
Reklam

Ərdoğan: Zəngəzur keçidi Türkiyə ilə Türk dünyası arasında yeni imkanlar yaradacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazın sülhün möhkəmləndiyi, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı regiona çevrilməsini arzuladıqlarını bildirib. O, Zəngəzur keçidinin açılmasının Azərbaycanla Naxçıvan arasında nəqliyyat infrastrukturunu gücləndirəcəyini, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələrə yeni imkan yaradacağını vurğulayıb.

PostNews xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24–25 noyabr 2026-cı il tarixlərində İğdırda keçirilən “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı mesajda yer alıb.

Prezident çıxışına konqresin iştirakçılarını salamlayaraq başlayıb və tədbirin uğurlu olmasını arzulayıb. O, konqresin məzmununun elmi fikirlər, qiymətləndirmələr, təqdimatlar və tənqidi yanaşmalarla zənginləşdirilməsinə töhfə verən mütəxəssislərə təşəkkür edib.

“Qafqazın tarixi bizim də tariximizdir”

Rəcəb Tayyib Ərdoğan Qafqazın tarixi ilə Türkiyənin tarixinin sıx bağlı olduğunu vurğulayıb.

“Qafqazın tarixi bizim də tariximizdir. Əsrlər boyu bu coğrafiyanın həm ağrılarını, həm də sevinclərini bölüşmüşük. Bu gün ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları bir region miras qoymaq məsuliyyəti çiyinlərimizdədir”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiklərini qeyd edib.

O, Şuşada, Füzulidə və Laçında dalğalanan Azərbaycan bayrağının Türkiyə üçün də qürur mənbəyi olduğunu vurğulayıb.

“Qarabağ zəfərinin sevincini necə birlikdə yaşamışıqsa, Qafqazda sülh və rifahın təmin olunması üçün də eyni qətiyyətlə çalışacağıq”, – deyə Ərdoğan bildirib.

Zəngəzur keçidi Türkiyə ilə Türk dünyası arasında əlaqələri gücləndirəcək

Türkiyə Prezidenti Zəngəzur keçidinin açılmasının regional nəqliyyat əlaqələri baxımından əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, keçidin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturu güclənəcək, Türkiyə ilə Türk dünyası arasındakı bağlantı isə yeni imkan əldə edəcək.

Ərdoğan İpək Yolu marşrutlarında ticarətin canlanmasının, əməkdaşlığın genişlənməsinin və xalqlar arasında humanitar əlaqələrin möhkəmlənməsinin bütün regiona fayda gətirəcəyinə inandığını bildirib.

“Qafqaz hər bir ölkənin ortaq rifahdan pay aldığı region olmalıdır”

Rəcəb Tayyib Ərdoğan Qafqazla bağlı Türkiyənin baxışını da açıqlayıb.

“Bizim vizyonumuza görə, Qafqaz sülhün qalıcı olduğu, qonşuların ticarət etdiyi və hər bir ölkənin ortaq rifahdan pay aldığı bir regiondur”, – deyə Türkiyə Prezidenti qeyd edib.

O, İğdırda keçirilən konqres çərçivəsində təqdim olunacaq elmi biliklərin və aparılacaq müzakirələrin bu ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ərdoğan mesajının sonunda konqresin təşkilində əməyi olanlara təşəkkür edib, iştirakçılara və İğdır sakinlərinə salamlarını çatdırıb.

Paylaş: