“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Daşkəsən rayonunda yeni Tədris Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə hazırda 108 məktəbli ali məktəblərə qəbul imtahanlarına ödənişsiz hazırlaşır.
PostNews xəbər verir ki, layihə “AzerGold” QSC-nin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilir. Mərkəzin yaradılmasında əsas məqsəd regionda təhsilin inkişafına töhfə vermək, məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini yüksəltmək və onların gələcək peşə seçimlərinə dəstək göstərməkdir.
Layihənin uzunmüddətli hədəfləri arasında regionda ixtisaslı kadrların yetişdirilməsi və dağ-mədən sənayesinin kadr ehtiyacının yerli mütəxəssislər hesabına qarşılanması da yer alır.
Tədris prosesi “BANİ Seminariyası” ilə əməkdaşlıq əsasında təşkil olunur
Mərkəzin tədris fəaliyyəti 2012-ci ildən təhsil sahəsində çalışan “BANİ Seminariyası” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Tərəfdaş qurum mərkəzin peşəkar pedaqoji heyətlə təmin edilməsinə, dərslərin təşkilinə və idarə olunmasına cavabdehdir.
Gəncədə 1000-dən artıq şagirdə təhsil xidməti göstərən seminariyanın ali məktəblərə qəbul göstəricisi 98 faizdir.
“AzerGold” QSC tərəfindən mərkəzin yerləşdiyi bina əsaslı təmir olunaraq müasir tədris tələblərinə uyğunlaşdırılıb. Tədris müəssisəsi zəruri avadanlıq və inventarla da təmin edilib.
Bununla yanaşı, mərkəzin fəaliyyət xərcləri, şagirdlərin dərs vəsaitləri ilə təmin olunması, eləcə də ucqar kəndlərdə yaşayan 90 nəfərədək məktəblinin gediş-gəlişi şirkət tərəfindən maliyyələşdirilir.
108 şagird ödənişsiz hazırlıq kurslarına cəlb olunub
216 şagird üçün nəzərdə tutulan Daşkəsən Tədris Mərkəzində hazırda VII–X siniflərdə təhsil alan 108 məktəbli hazırlıq kurslarına cəlb edilib. Şagirdlər diaqnostik imtahanların nəticələrinə əsasən seçiliblər.
Dərslər məktəbdənkənar vaxtlarda xüsusi tədris proqramı əsasında keçirilir. Layihə vasitəsilə şagirdlərin bilik səviyyəsinin artırılması və ali məktəblərə qəbul imkanlarının genişləndirilməsi hədəflənir.
Layihə çərçivəsində 36 yeni iş yeri yaradılacaq
Tədris Mərkəzinin fəaliyyəti Daşkəsən rayonunda məşğulluğun artırılmasına da töhfə verir. Hazırda layihə çərçivəsində 23 nəfər işlə təmin olunub.
Müəllimlər bilik və bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılması prosesindən sonra işə qəbul ediliblər. Ümumilikdə, layihə çərçivəsində 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi regionlarda təhsilin dəstəklənməsi və insan kapitalının inkişafı istiqamətində müxtəlif sosial layihələr həyata keçirir. Bu təşəbbüslərə “Gələcəyin mədənçisi” layihəsi, ali və peşə təhsili üzrə təqaüd proqramı, həmçinin məktəblilərdə mütaliə vərdişlərinin inkişafına yönəlmiş layihələr daxildir.



