Reklam
Reklam
Reklam

II Palandöken İqtisadiyyat Forumu dekabrın 4-6-da keçiriləcək – Qlobal iqtisadiyyatın gündəliyi müzakirə olunacaq

Türkiyənin Ərzurum şəhərində dekabrın 4-6-da II Palandöken İqtisadiyyat Forumu keçiriləcək. Türkiyə Prezidentinin himayəsi altında təşkil olunacaq beynəlxalq tədbirdə qlobal iqtisadiyyatın gələcəyi, investisiya axınları və yeni ticarət imkanları müzakirə ediləcək.

PostNews xəbər verir ki, forum Türkiyənin aparıcı qış turizmi mərkəzlərindən biri olan Palandökendə təşkil olunacaq. Tədbirdə nazirlərin, səfirlərin, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin, qlobal maliyyə sektorunun təmsilçilərinin, iş adamlarının, qeyri-hökumət təşkilatlarının və akademik dairələrin iştirakı gözlənilir.

“Qlobal qeyri-müəyyənlik şəraitində kapital: investisiyanın yeni tənliyi” mövzusuna həsr ediləcək forumda dünya iqtisadiyyatında baş verən dəyişikliklər, kapital hərəkətləri, beynəlxalq ticarət, investisiya strategiyaları və yeni iqtisadi əməkdaşlıq imkanları diqqət mərkəzində olacaq.

Forumun proqramında 10 panel nəzərdə tutulub

Tədbirin proqramına əsasən, forum dekabrın 4-də Palandöken dağının zirvəsində keçiriləcək məşəlli xizək nümayişi ilə başlayacaq. Forumun rəsmi açılış mərasimi isə dekabrın 5-də baş tutacaq.

Açılışdan sonra müxtəlif ölkələrdən gələn yüksək səviyyəli nümayəndələr və ekspertlər 10 ayrı sessiyada çıxış edəcəklər. Müzakirələrdə qlobal iqtisadiyyatın gələcəyi, investisiya imkanları və regional əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək.

Ərzurum beynəlxalq iqtisadi platformaya çevriləcək

Üç gün davam edəcək forumun əsas məqsədlərindən biri beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə vermək, eyni zamanda Ərzurumun turizm, ticarət və investisiya potensialını beynəlxalq auditoriyaya tanıtmaqdır.

Beləliklə, 2026-cı ilin son böyük beynəlxalq iqtisadi tədbirlərindən birinə ev sahibliyi etməyə hazırlaşan Ərzurum qış turizmi ilə yanaşı, iqtisadiyyat və diplomatiya sahəsində də beynəlxalq diqqəti cəlb etməyi hədəfləyir.

Paylaş: