Azərbaycanda mənzil fondunun vəziyyətini yalnız yaşayış sahələrinin ümumi həcmi və tikinti göstəriciləri ilə qiymətləndirmək düzgün olmazdı. Mənzil təminatı ölkənin sosial-iqtisadi inkişafını, əhalinin həyat keyfiyyətini və sosial rifahını müəyyən edən mühüm göstəricilərdən biridir. Bu baxımdan mənzil fondunun həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınmalıdır.
PostNews xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin digər iri şəhərlərində yeni yaşayış massivlərinin formalaşması mənzil təklifinin genişlənməsində mühüm rol oynayır.
Köhnə yaşayış binalarının yenilənməsi əsas məsələlərdəndir
“İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması da mənzil fondunun coğrafiyasını genişləndirir. Mənzil sektorunda əsas məsələlərdən biri mövcud fondun keyfiyyət baxımından yenilənməsidir. Uzun müddət istismar olunan binaların texniki vəziyyətinin qiymətləndirilməsi, seysmik təhlükəsizliyin təmin edilməsi, enerji səmərəliliyinin artırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi və yaşayış mühitinin müasirləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mənzil təminatında regional fərqlərin azaldılması da vacib istiqamətlərdəndir. Paytaxt və ətraf ərazilərdə əhali sıxlığının artması, iş yerlərinin və iqtisadi fəallığın əsasən iri şəhərlərdə cəmləşməsi mənzilə tələbatı yüksəldir. Bu baxımdan regionlarda iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və müasir yaşayış məntəqələrinin inkişafı mənzil siyasətinin ayrılmaz hissəsi olmalıdır”, – deyə Fərid Cəfərli qeyd edib.
2025-ci ildə 4 309 ipoteka krediti verilib
Fərid Cəfərli hesab edir ki, mənzil siyasətinin əsas prioriteti yalnız yeni yaşayış sahələrinin tikilməsi deyil, təhlükəsiz, keyfiyyətli, infrastrukturlu və əhalinin alıcılıq imkanlarına uyğun mənzil fondunun formalaşdırılması olmalıdır: “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil mexanizmi və İpoteka və Kredit Zəmanət Fondunun kredit proqramları gənclər, gənc ailələr və müəyyən sosial kateqoriyadan olan vətəndaşların mənzil əldə etmək imkanlarını genişləndirir. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə Fondun vəsaiti hesabına 4 min 309 ipoteka krediti verilib. Kreditlərin ümumi məbləği 442,8 milyon manat təşkil edib. Onlardan 1 min 156-sı güzəştli ipoteka krediti olub və bu məqsədlə 95,6 milyon manat ayrılıb. 2006–2025-ci illərdə Fondun maliyyələşdirdiyi ipoteka kreditlərinin ümumi həcmi 3,76 milyard manatı ötüb, 56 min 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan yaradıb. İpoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edir.
Azərbaycanda mənzil fondunun sahəsi 235,5 milyon kvadratmetrdir
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin sonuna ölkədə mənzil fondunun ümumi sahəsi 235,5 milyon kvadratmetrə çatıb. Hər nəfərə düşən orta mənzil sahəsi 23 kvadratmetr təşkil edib. 2025-ci ildə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi isə 4,8 milyon kvadratmetrdən çox olub. Yeni yaşayış kompleksləri yalnız binaların inşası ilə məhdudlaşmamalı, nəqliyyat, kommunal, təhsil, səhiyyə və digər sosial infrastrukturu əhatə edən kompleks yanaşma əsasında planlaşdırılmalıdır. Eyni zamanda, mövcud mənzil fondunun texniki və funksional keyfiyyətinin yaxşılaşdırılması da diqqətdə saxlanılmalıdır”.



