Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Çinin “Tyanqun” kosmik stansiyasında fəaliyyət göstərən ölkənin ilk astronavtı Məhəmməd Zeşan Əli ilə canlı kosmik rabitə əlaqəsi saxlayıb.
PostNews xəbər verir ki, şənbə günü Pakistanın Kosmik və Yuxarı Atmosfer Tədqiqatları Komissiyasının (SUPARCO) qərargahında təşkil olunan bağlantı zamanı baş nazir astronavtı tarixi missiyası münasibətilə təbrik edib.
Şahbaz Şərif Məhəmməd Zeşan Əlinin Çinin “Tyanqun” kosmik stansiyasına daxil olan ilk əcnəbi astronavt olduğunu vurğulayıb və onunla birlikdə missiyada iştirak edən çinli astronavtlara da salamlarını çatdırıb.
Baş nazir bildirib ki, 2026-cı il Pakistan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə təsadüf edir. Onun sözlərinə görə, astronavtın bu tarixi missiyası iki ölkə arasındakı uzunmüddətli dostluğun göstəricisidir və Pakistan-Çin hərtərəfli strateji əməkdaşlığının yeni mərhələyə çatdığını nümayiş etdirir.
Şahbaz Şərif Pakistanın kosmik tədqiqat proqramında iştirakına verdiyi dəstəyə görə Çinə təşəkkür edib. O, bu addımın Pakistan xalqının yaddaşında daim yaşayacağını bildirib.
Baş nazir astronavtı Pakistanın qüruru adlandırıb
Şahbaz Şərif astronavtla söhbətində onun Pakistanın pilotlu kosmik missiyalarının başlanğıcını təmsil etdiyini qeyd edib. Baş nazir bildirib ki, Zeşanın kosmosdan gətirəcəyi biliklər ölkənin elm, texnologiya və əlaqəli sahələrdə inkişafında yeni mərhələnin əsasını qoya bilər.
O, astronavtın missiyasını kosmosun dinc məqsədlərə və bütün bəşəriyyətin rifahına xidmət etməli olduğuna dair Pakistanın mövqeyinin nümunəsi kimi dəyərləndirib.
Baş nazir çinli astronavtlara Pakistan xalqının salamlarını çatdırmağı, onlara möhkəm cansağlığı və missiyanın uğurla başa çatmasını arzulayıb. O, Pakistan xalqının astronavtın uğurlu missiyadan sonra sağ-salamat ölkəsinə qayıtmasını səbirsizliklə gözlədiyini bildirib.
Zeşan Əli: Kosmosdakı elmi tədqiqatlarım davam edir
Məhəmməd Zeşan Əli öz növbəsində Pakistanın ilk astronavtı və Çin kosmik stansiyasına daxil olan ilk əcnəbi astronavt olmaqdan böyük şərəf duyduğunu deyib.
O bildirib ki, kosmik stansiyada işlər planlı şəkildə davam edir, üzərinə düşən vəzifələri yerinə yetirmək və elmi tədqiqatları tamamlamaq üçün səylə çalışır.
Astronavt Pakistan gənclərini elm və texnologiya sahələrində biliklərini artırmağa, yüksək nailiyyətlər əldə etməyə çağırıb. O, gələcək nəsil pakistanlı astronavtların, mühəndislərin və alimlərin kosmosda daha uzaq məsafələrə səyahət edəcəyinə, bəşəriyyətin rifahı naminə yeni kəşflər aparacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Məhəmməd Zeşan Əli Çinin “Şençjou-24” pilotlu kosmik uçuş missiyası çərçivəsində “Tyanqun” kosmik stansiyasında fəaliyyət göstərir. Missiya Pakistan və Çin arasında kosmik sahədə əməkdaşlığın mühüm hadisələrindən biri kimi təqdim olunur.



