Reklam
Reklam
Reklam

Qafqazın gələcəyi ilə bağlı üç əsas nəticə açıqlanıb – Beynəlxalq Qafqaz Konqresi

Türkiyənin İğdır şəhərində 24–25 noyabr 2026-cı il tarixlərində “İpək Yolunun yenidən dirçəlişi” mövzusunda Beynəlxalq Qafqaz Konqresi keçirilib. İki gün davam edən tədbirdə Cənubi Qafqazın gələcəyi, regional təhlükəsizlik, beynəlxalq ticarət, diplomatik əlaqələr və nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunub.

PostNews xəbər verir ki, İğdır Universitetinin təşəbbüsü və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi ilə təşkil edilən konqresdə müxtəlif ölkələri və elmi istiqamətləri təmsil edən 30-dan çox ekspert iştirak edib. Tədbir çərçivəsində altı panel sessiyası təşkil olunub.

Konqresin İğdırda keçirilməsi şəhərin coğrafi mövqeyi ilə əlaqələndirilib. Türkiyənin Naxçıvan vasitəsilə Azərbaycanla, eləcə də Ermənistan və İranla yaxın sərhəd mövqeyində yerləşən İğdırın tarixi İpək Yolu üzərindəki rolu xüsusi vurğulanıb.

Qafqazda diplomatiya və regional təhlükəsizlik müzakirə edilib

Konqresin Qafqaz diplomatiyasına həsr olunan sessiyasında Türkiyə, Azərbaycan, Ermənistan və Rusiyanın mövqeləri müzakirəyə çıxarılıb. İştirakçılar regionun gələcəyinin müxtəlif yanaşmaların dialoq müstəvisində müzakirəsi ilə formalaşa biləcəyini diqqətə çatdırıblar.

“Qafqazda strateji düşüncə, regional təhlükəsizlik və ticarət” sessiyasında isə dəyişən qlobal iqtisadi və siyasi şəraitdə regionun mövqeyi nəzərdən keçirilib. Müzakirələrdə təhlükəsizlik və iqtisadi əməkdaşlığın bir-birindən ayrılmaz olduğu, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin regional sabitlikdən asılılığı vurğulanıb.

Sessiyada Qafqaz ölkələrinin çoxqütblü dünya nizamında regional maraqlarını qoruyan və balanslı əməkdaşlığa əsaslanan strategiya formalaşdırmasının əhəmiyyəti qeyd edilib.

Universitetlər arasında əməkdaşlıq imkanları diqqət mərkəzində olub

Konqresin “Qafqazda elm və akademiya” sessiyasında universitetlərin ölkələr və cəmiyyətlər arasında əlaqələrin inkişafındakı rolu müzakirə edilib.

Naxçıvan, Qarabağ, Ardahan və Kiprdən olan universitet rəhbərlərinin iştirak etdiyi müzakirələrdə tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri önə çəkilib.

Çıxışlarda ali təhsil müəssisələrinin sərhədləri aşan akademik əlaqələrin qurulmasında və regionda ortaq elmi platformaların formalaşmasında daha fəal iştirak etməsinin vacibliyi bildirilib.

İctimai diplomatiya və media mühitinin rolu müzakirə olunub

“Qafqazda ictimai diplomatiya” sessiyasında regionda davamlı sülhün təmin edilməsində ictimai diplomatiyanın əhəmiyyəti diqqətə çatdırılıb. Müzakirələrdə universitetlərin və digər ictimai institutların regional dialoqa töhfə verməsi məsələsi də gündəmə gətirilib.

“Qafqazda media və strateji kommunikasiya” sessiyasında isə informasiya manipulyasiyası, strateji kommunikasiya və sülh dilinin təşviqi əsas müzakirə mövzuları olub.

İştirakçılar seçilmiş informasiya çərçivələri, kontekstdən çıxarılmış görüntülər, saxta hesablar və süni intellekt vasitəsilə yaradılan məzmunların cəmiyyətlərin bir-birini qavramasına təsirini müzakirə ediblər. Bu kontekstdə dezinformasiyanın sülh proseslərinə ictimai etimadı zəiflədə biləcəyi vurğulanıb.

İpək Yolunun dirçəlişi üçün etimad və əməkdaşlıq vacibdir

“Beynəlxalq Qafqaz perspektivi” sessiyasında Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan nümayəndələr müxtəlif tarixi təcrübələr və milli prioritetlər əsasında regionun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Konqresin yekununda İpək Yolunun yenidən dirçəldilməsinin yalnız dəmir yolu, avtomobil yolları və boru kəmərlərinin inkişafı ilə məhdudlaşmadığı bildirilib. Bu prosesin uğurlu olması üçün qarşılıqlı etimadın, bir-birini tanımanın və davamlı sülhün də vacib olduğu vurğulanıb.

Tədbirin yekun çıxışında universitetlərin regional əməkdaşlıq prosesində passiv müşahidəçi deyil, bilik istehsal edən, dezinformasiyaya qarşı mübarizəyə töhfə verən və gəncləri bir araya gətirən fəal tərəfdaşlar kimi çıxış etməli olduğu qeyd olunub.

Konqres çərçivəsində formalaşan əlaqələrin gələcəkdə birgə layihələrə, elmi nəşrlərə və yeni beynəlxalq görüşlərə çevrilməsinin vacibliyi diqqətə çatdırılıb.

Paylaş: