Reklam
Reklam
Reklam

Antiinhisar Agentliyi 2026-cı ilin 9 ayının nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2026-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıdakı dövrün prioritetləri müzakirə olunub. Kollegiya iclasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi, keyfiyyət infrastrukturu və rəqəmsallaşma istiqamətləri üzrə fəaliyyətə baxılıb.

PostNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2026-cı ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.

Agentliyin və Kollegiyanın sədri Elnur Bağırov iclası giriş sözü ilə açaraq hesabat dövründə dövlət satınalmaları, rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsi, keyfiyyət infrastrukturu, dövlət əyar nəzarəti, rəqəmsallaşma və təşkilati inkişaf sahələrində görülmüş işlər barədə məlumat verib.

Rəqabət siyasəti və istehlakçı hüquqlarının müdafiəsi müzakirə olunub

İclasda rəqabət mühitinin qorunması, iqtisadi təmərküzləşmələrə nəzarət, haqsız rəqabət hallarının qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və reklam qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət tədbirləri nəzərdən keçirilib.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illərdə Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan müraciətlərə baxılması, qanunvericilik aktlarının təkmilləşdirilməsi və istehlakçıların hüquq və qanuni mənafelərinin qorunmasına yönəlmiş maarifləndirmə tədbirləri də müzakirə edilib.

Keyfiyyət infrastrukturu və dövlət satınalmaları diqqət mərkəzində olub

Kollegiya iclasında keyfiyyət infrastrukturu sahəsində texniki reqlamentlərin və dövlət standartlarının hazırlanması və qəbulu, akkreditasiya fəaliyyəti, malların mənşə ölkəsinin müəyyən edilməsi, əyarlama və damğalama xidmətləri üzrə görülmüş işlər barədə məlumat verilib.

Bununla yanaşı, metroloji laboratoriya infrastrukturunun genişləndirilməsi, ölçmələrin və kalibrləmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Dövlət satınalmaları sahəsində isə prosedurların səmərəliliyinin artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda iştirakının təşviqi və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının genişləndirilməsi, istifadəçi təcrübəsinin yaxşılaşdırılması və süni intellektin satınalma proseslərinə inteqrasiyası istiqamətində görülən işlər də müzakirə mövzusu olub.

Süni intellekt və rəqəmsallaşmanın tətbiqi genişləndiriləcək

İclasda Agentlikdə elektron xidmətlərin əhatə dairəsinin və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, idarəetmədə innovativ texnologiyalardan istifadənin artırılması məsələlərinə də toxunulub.

Xüsusilə süni intellektin tətbiqinin genişləndirilməsi, məlumatların təhlili və emalı imkanlarının təkmilləşdirilməsi, risklərin vaxtında müəyyənləşdirilməsi və mümkün uyğunsuzluqların aşkarlanmasında rəqəmsal imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.

Bundan başqa, işə qəbul prosesinin səmərəli təşkili, kadr potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və maarifləndirmə tədbirlərinin davam etdirilməsi məsələləri də nəzərdən keçirilib.

Paylaş: