Azərbaycanda bankların bütün məcburi ehtiyat və prudensial likvidlik tələblərini yerinə yetirməsindən sonra onların sərəncamında real sektorun maliyyələşdirilməsinə yönəldilə biləcək 4,6 milyard manat sərbəst vəsait qalıb. İlin əvvəlindən bank sektorunun izafi likvidlik səviyyəsi isə 2,2 dəfə artıb.
PostNews xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bank sektoru izafi struktur likvidliyi şəraitində fəaliyyət göstərsə də, maliyyə dayanıqlılığı qorunub saxlanılıb.
T.Kazımov bildirib ki, cari ilin ilk 10 ayının nəticələrinə əsasən, bank sektorunun məcmu kapital adekvatlığı 16,5 faiz, likvidliyin örtülməsi əmsalı isə 153 faiz təşkil edib. Halbuki sonuncu göstərici üzrə normativ tələb 100 faizdir.
AMB sədri kredit portfelinin keyfiyyətini xarakterizə edən problemli kreditlərin xüsusi çəkisinin 2,7 faiz səviyyəsində olduğunu və bunun qənaətbəxş göstərici sayıldığını qeyd edib.
Bankların kredit portfeli 14 faiz artıb
Taleh Kazımovun sözlərinə görə, cari ilin 10 ayında bankların ümumi kredit portfeli 14 faiz, biznes kreditləri isə 17,1 faiz artıb. 2021-ci ilin sonu ilə müqayisədə həm ümumi kredit portfelinin, həm də biznes kreditlərinin həcmi iki dəfə yüksəlib.
Bankların öhdəlikləri tərəfində də artım dinamikası müşahidə olunub. Belə ki, ilin ilk 10 ayında fiziki şəxslərin əmanətləri 14,6 faiz, müddətli əmanətləri isə 16,4 faiz artıb.
“2021-ci illə müqayisədə həm əmanətlərin həcmi, həm də unikal əmanətçilərin sayı üzrə ikiqat artım müşahidə edirik”, – deyə T.Kazımov vurğulayıb.
Sığorta haqları 8 faiz, ödənişlər 29 faiz artıb
AMB sədri sığorta və kapital bazarlarında da müsbət meyillərin davam etdiyini bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında sığorta haqları 8 faiz, sığorta ödənişləri isə 29 faiz artıb. Son beş ildə sığorta bazarının həcmi iki dəfə böyüyüb.
Sığorta haqlarının 80 faizi könüllü sığorta siniflərinin, 56 faizi isə həyat sığortasının payına düşüb.
Qiymətli kağızlar bazarının dövriyyəsi 35 milyard manata çatıb
Kapital bazarlarının vəziyyətinə toxunan T.Kazımov qiymətli kağızlar bazarının ümumi dövriyyəsinin 35 milyard manata çatdığını qeyd edib.
Bildirilib ki, cari ilin 10 ayında səhm bazarının dövriyyəsi 9 dəfə artaraq 2,6 milyard manat təşkil edib.
AMB sədri bu il Azərbaycanın tarixində ikinci kütləvi səhm təklifinin də uğurla həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, son iki ildə reallaşdırılan hər iki kütləvi səhm təklifinin əsas təşkilatçıları maliyyə institutları, xüsusilə banklar olub.
Mərkəzi Bank 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəkləyir
Taleh Kazımov 2027-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın münasibətinin müsbət olduğunu və qurumun təqdim olunan layihəni dəstəklədiyini bildirib.
AMB sədri bu mövqeyi bir neçə amillə əsaslandırıb. Onun sözlərinə görə, cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi onların dayanıqlı maliyyə mənbələri hesabına maliyyələşdirilməsinə imkan verir.
Bundan başqa, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin azaldılması strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət edir. Dövlət büdcəsinin ümumi gəlirlərində qeyri-neft gəlirlərinin payının artması isə iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması baxımından əhəmiyyətlidir.
T.Kazımov büdcə xərclərinin inflyasiyaya təsirinin də Mərkəzi Bank tərəfindən təhlil edildiyini diqqətə çatdırıb.
“Bizim təhlillərimiz göstərir ki, cari xərclər inflyasiyaya 0,34 faiz bəndi təsir edir. Bu, bizim tərəfimizdən əhəmiyyətli təsir kimi qiymətləndirilmir. Əsaslı xərclərin isə inflyasiyaya təsiri neytraldır”, – deyə o qeyd edib.
AMB sədri son illərdə fiskal və monetar siyasətlər arasında sıx koordinasiyanın formalaşdığını xatırladaraq, bu əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə və makroiqtisadi sabitliyə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Məzənnə sabitliyi monetar siyasətin prioriteti olacaq
T.Kazımov 2027-ci il üçün monetar siyasətin prioritetlərinə də toxunub.
O bildirib ki, qiymət sabitliyi Mərkəzi Bankın əsas hədəfi olaraq qalır. Qurum məzənnə sabitliyinin təmin edilməsi üçün mövcud pul siyasəti alətlərindən istifadə etməyi hədəfləyir.
“Qiymət sabitliyi bizim əsas hədəfimizdir. Pul siyasətinin əsas lövbəri olan məzənnə sabitliyinin təmin edilməsi üçün bütün mövcud alətlərdən istifadə edəcəyik”, – deyə o vurğulayıb.
2027–2030-cu illər üçün yeni maliyyə strategiyası hazırlanır
Mərkəzi Bankın sədri 2024–2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsinin hazırda 91 faiz olduğunu bildirib. Sənədin icrasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda 2027–2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlanır. Yeni sənəddə iki əsas istiqamətə üstünlük veriləcək.
Birinci istiqamət maliyyə sektorunun inkişafı, xüsusilə real sektorun maliyyələşdirilməsinin genişləndirilməsi, rəqəmsallaşma, innovativ həllərin tətbiqi, maliyyə xidmətlərinin əlçatanlığının və əhatə dairəsinin artırılmasıdır.
İkinci istiqamət isə tənzimləmə və nəzarət siyasətinin təkmilləşdirilməsi, bununla da maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsidir.
T.Kazımov qeyd edib ki, yeni strategiyanın əsas məqsədi maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində rolunu artırmaqla yanaşı, onun dayanıqlılığını daha da möhkəmləndirməkdir.



