Azərbaycanda qeyri-neft-qaz ixracının həcminin 2026-cı ilin yekununda 4,2 milyard ABŞ dollarını ötəcəyi gözlənilir. İlin ilk 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan bu ixrac 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb.
PostNews xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə artacaq. Cari ilin 10 ayında qeyri-neft-qaz ixracının 61 faizini sənaye məhsulları təşkil edib.
M.Cabbarov bildirib ki, ixracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul olunub və onun tətbiqinə başlanılıb.
Sahibkarlara dövlət dəstəyi genişləndirilir
Nazir qeyd edib ki, yeni dəstək paketi çərçivəsində Bakı və Abşeron iqtisadi rayonlarından kənarda sahibkarlıq kreditləri üzrə faizlərin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır. Kredit zəmanətinin limiti isə 20 faizdən 50 faizə qaldırılıb.
Bununla yanaşı, qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı yaradılıb.
M.Cabbarovun sözlərinə görə, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.
İxracatçılara göstərilən dəstək tədbirlərinə də toxunan nazir bildirib ki, onların nəqliyyat xərclərinin 70 faizə qədər hissəsi, mikro, kiçik və orta sahibkarların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur.
Ələt Azad İqtisadi Zonası üzrə yeni güzəşt nəzərdə tutulur
İqtisadiyyat naziri Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların daxili bazara çıxarılması ilə bağlı nəzərdə tutulan yeni mexanizmi də açıqlayıb.
“Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərtilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb”, – deyə M.Cabbarov əlavə edib.



