Reklam
Reklam
Reklam

Mikayıl Cabbarov 2030-cu ilədək iqtisadi artım proqnozlarını açıqlayıb

Azərbaycanda 2027–2030-cu illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artımının 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı proqnozlaşdırılır. Bu dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7 faizdən, informasiya və rabitə sektorunda 11 faizdən, turizmdə isə 8 faizdən yüksək olacağı gözlənilir.

PostNews xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənliklər nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb. Büdcə siyasətində son illərdə tətbiq olunan fiskal optimallaşdırma prinsipləri də proqnozların əsasını təşkil edir.

Onun sözlərinə görə, bu prinsiplərə əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə yüksək nəticələrin əldə edilməsi daxildir.

M.Cabbarov qeyd edib ki, bu şərtlər daxilində 2027-ci ildə ÜDM-in 2,7 faiz artacağı gözlənilir. 2027–2030-cu illərdə isə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda 4,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 82 faizə yüksələcək

Nazirin sözlərinə görə, 2027–2030-cu illərdə nəqliyyat sektorunda orta illik artımın təxminən 5 faiz, kənd təsərrüfatında isə 2,8 faiz olacağı gözlənilir.

Eyni zamanda, qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksələcəyi proqnozlaşdırılır.

M.Cabbarov 2022–2026-cı illər üzrə iqtisadi artım göstəricilərinə də toxunub. O bildirib ki, cari ilin gözlənilən nəticələri nəzərə alınmaqla, həmin dövrdə ÜDM-in orta illik artımı 2,7 faiz, qeyri-neft-qaz sektorunun orta illik artımı isə 5,2 faiz təşkil edəcək. Nazir sonuncu göstəricinin Strategiyada müəyyən edilmiş hədəfdən yüksək olduğunu vurğulayıb.

İqtisadiyyat naziri cari ilin yanvar–oktyabr aylarında ÜDM-in 1,7 faiz, qeyri-neft-qaz sektorunun isə 2,9 faiz artdığını diqqətə çatdırıb.

İnformasiya və rabitə sektorunda 13 faizə yaxın artım gözlənilir

Nazir ayrı-ayrı sahələr üzrə artım dinamikasını şərh edərək bildirib ki, 2022–2026-cı illərdə qeyri-neft-qaz sənayesində orta illik artımın 6 faizə yaxın, nəqliyyatda 8 faiz ətrafında, informasiya və rabitə sektorunda isə 13 faizə qədər olacağı gözlənilir.

Turizm sektorunda həmin dövr üzrə orta illik artımın 18 faizi ötəcəyi proqnozlaşdırılır.

2026-cı ilin yanvar–oktyabr aylarında qeyri-neft-qaz sənayesində 5,9 faiz, nəqliyyatda 10,2 faiz, informasiya və rabitə sektorunda isə 9,9 faiz artım qeydə alınıb.

M.Cabbarov bəzi sahələrdə artım templərinin nisbətən aşağı olduğunu da bildirib. Onun sözlərinə görə, 2022–2026-cı illərdə kənd təsərrüfatında orta illik artımın təxminən 2 faiz, ticarətdə 3,5 faiz, sosial və digər xidmətlərdə isə 2,9 faiz təşkil edəcəyi gözlənilir.

Cari ilin ilk 10 ayında kənd təsərrüfatında, sosial və digər xidmətlər sahələrində artım 1,4 faiz, ticarətdə isə 3,8 faiz olub.

Azərbaycan şirkətləri xarici bazarlarda aktivlərini artırır

İqtisadiyyat naziri Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxmasının və xaricdə aktivlər əldə etməsinin ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə töhfə verdiyini də qeyd edib.

O bildirib ki, Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyətini genişləndirməsi və xaricdə aktivlər əldə etməsi ümumi milli gəlirin davamlı artımı üçün yeni imkanlar yaradır.

“Hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə gəlir mənbəyinə çevrilir. Bu, ölkənin gəlir bazasının mənbələrinin şaxələndirilməsi deməkdir”, – M.Cabbarov vurğulayıb.

Nazir dövlət şirkətlərinin fəaliyyətində də mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini bildirib. Onun sözlərinə görə, bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti və dövlət büdcəsinə dividend ödənişləri aparılan institusional islahatların nəticəsidir.

M.Cabbarov qeyd edib ki, 2020-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Bu çərçivədə holdinq idarəetmə modelinə keçid, Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional tədbirlər dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

“Bu institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”, – nazir əlavə edib.

Paylaş: