Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin illik ÜDM-indən çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkənin müdafiə, bərpa-quruculuq və sosial inkişaf istiqamətlərində qarşıya qoyduğu vəzifələr öz resursları hesabına, borclanmaya müraciət edilmədən maliyyələşdirilib.
PostNews xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə edilmiş iqtisadi nəticələr ölkə qarşısında duran strateji vəzifələrin həyata keçirilməsinə yönəldilib. Müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, sosial paketlərin icrası və əhalinin rifahının yüksəldilməsi Azərbaycanın öz resursları hesabına təmin edilib.
“Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib”, – deyə M.Cabbarov vurğulayıb.
Qeyri-neft sektorunun iqtisadiyyatda payı artır
İqtisadiyyat naziri qeyd edib ki, ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Cari ilin ilk 10 ayında ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. 2025-ci ildə qeyri-neft-qaz sektorunun nominal ÜDM-də payı 71,5 faizə çatıb.
Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi dövlət büdcəsinin gəlirlərinin strukturunda da özünü göstərir. Belə ki, qeyri-neft-qaz daxilolmalarının büdcə gəlirlərində payı 2021-ci ildəki 49 faizdən 2026-cı ilin ilk 10 ayında 55 faizdən çoxa yüksəlib.
“Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”, – nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, dövlət büdcəsinin qeyri-neft-qaz daxilolmaları 2021-ci ildə 12,9 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq edilmiş büdcəsində bu göstərici 22,2 milyard manat nəzərdə tutulub.
Nazir qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının 13 faizdən çox artdığını, 2018-ci ildən bəri ƏDV ödəyicilərinin sayının isə 3,5 dəfə yüksəldiyini diqqətə çatdırıb.
Özəl sektorda əmək müqavilələrinin sayı iki dəfədən çox artıb
Mikayıl Cabbarov özəl sektorun məşğulluqdakı rolunun artmasını iqtisadi islahatların nəticələrindən biri kimi qiymətləndirib.
O bildirib ki, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı iki dəfədən çox artıb. Bu sektorun ümumi əmək müqavilələrində payı isə 2018-ci ildəki 39 faizdən 57 faizə yüksəlib.
“8 il öncə vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılırdı”, – deyə nazir qeyd edib.
Qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyi gözlənilir
İxracın şaxələndirilməsinə toxunan M.Cabbarov bildirib ki, 2018-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 2,5 dəfə artacağı gözlənilir. 2026-cı ilin yekunlarına görə, qeyri-neft-qaz mallarının ixracının 4,2 milyard ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxması gəlir mənbələrinin şaxələndirilməsinə, dövlət şirkətlərinin fəaliyyətinin genişlənməsi isə büdcə üçün əlavə gəlir mənbələrinin formalaşmasına töhfə verir.
Nazir sənaye zonalarının qeyri-neft-qaz ixracındakı roluna da diqqət çəkib. Qeyd edib ki, həmin zonaların qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizdən çoxdur. Eyni zamanda, 2022–2026-cı illərdə qeyri-neft-qaz sənayesində orta illik artımın 6 faizə yaxın olacağı gözlənilir.
Dövlət sahibkarlar üçün yeni dəstək mexanizmləri hazırlayır
Mikayıl Cabbarov sahibkarlar üçün dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, dövlətin investisiya layihələrində rolu dəyişir: dövlət birbaşa investor olmaqdan daha çox riskləri bölüşən tərəfdaşa çevrilir.
Bu baxımdan daxili tələbin strukturunun dəyişdirilməsi və yerli istehsalın dövlət satınalmalarında payının artırılması xüsusi əhəmiyyət daşıyır. Nazir ixracyönümlü inkişafın sürətləndirilməsini strateji vəzifə kimi qiymətləndirib və prioritet ixrac sahələrinin bir çoxunun 2026-cı ildə qəbul edilən üç Dövlət Proqramında əhatə olunduğunu bildirib.
Xidmətlər ixracı üçün yeni imkanlar nəzərdən keçirilir
İqtisadiyyat naziri xidmətlər ixracının da böyük potensiala malik olduğunu vurğulayıb.
O, nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, informasiya texnologiyaları və data mərkəzlərini perspektivli istiqamətlər kimi qeyd edib.
M.Cabbarov Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsinin ixrac imkanları baxımından əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin fəal xarici iqtisadi diplomatiyası ölkənin mühüm üstünlüklərindən biridir. Azərbaycan həm qonşu ölkələrlə, həm də ümumi sərhədi olmayan çoxsaylı dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub.
Nazir hesab edir ki, yaxın illərdə prioritet ixrac bazarları müəyyənləşdirilməli, həmin ölkələrlə sərbəst və ya güzəştli ticarət rejiminin yaradılması istiqamətində işlər aparılmalıdır.
Vençur və kraudfandinq maliyyələşməsi üzrə qanunvericilik hazırlanır
Uzunmüddətli maliyyələşmə imkanlarından danışan M.Cabbarov vençur və kraudfandinq mexanizmləri üçün qanunvericilik çərçivəsinin formalaşdırıldığını bildirib.
Onun sözlərinə görə, kapital və kriptoaktivlər bazarları üzrə yeni tənzimləyici çərçivənin yaradılması istiqamətində də tədbirlər görülür.
Nazir strateji ehtiyatların bir hissəsinin ölkə iqtisadiyyatının uzunmüddətli maliyyələşməsinə səmərəli şəkildə cəlb edilməsini mühüm vəzifələrdən biri kimi qiymətləndirib. Bununla yanaşı, innovasiya, startap və texnologiya parkları üçün 20 ilədək vergi güzəştlərinin nəzərdə tutulduğunu qeyd edib.
M.Cabbarov Ələt Azad İqtisadi Zonasının imkanlarına da toxunaraq, burada istehsal olunan məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılacağını bildirib.
2030-cu ildə qeyri-neft sektorunun ÜDM-də payı 82 faizə çatacaq
Nazir əlavə edib ki, iqtisadi artım və büdcə proqnozlarının hazırlanmasında son illərdə həyata keçirilən fiskal optimallaşdırma prinsipləri əsas götürülüb.
Onun sözlərinə görə, 2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82 faizə yüksələcəyi proqnozlaşdırılır.
M.Cabbarovun çıxışında ixrac potensialının genişləndirilməsi, yerli istehsalın təşviqi, özəl sektorun inkişafı və uzunmüddətli maliyyələşmə imkanlarının artırılması növbəti illərin əsas iqtisadi istiqamətləri kimi təqdim olunub.



