Yaponiyanın Niiqata prefekturasında yerləşən dünyanın ən böyük atom elektrik stansiyası (AES) olan “Kaşivazaki-Karivada”nın 6-cı reaktorunun yanvarın 20-də yenidən işə salınması təxirə salınıb.
PostNews xəbər verir ki, bu barədə məlumatı “Kyodo” agentliyi mənbələrə istinadla yayıb.
Məlumata görə, reaktorun işə salınmasının təxirə salınmasına səbəb siqnalizasiya sistemindəki nasazlıq olub.
Yanvarın 17-də nüvə elektrik stansiyasının operatoru “TEPCO” idarəetmə çubuqlarının çıxarma sistemini sınaqdan keçirib. Sınaq zamanı bir çubuq artıq çıxarılmış vəziyyətdə əlavə bir çubuq da çıxarıldı, lakin işə salınmalı olan siqnalizasiya sistemi işə düşməyib. Şirkətin açıqlamasına görə, bu, səhv qurulmuş siqnalizasiya sistemi səbəbindən baş verib.
Mütəxəssislər lazımi yoxlamaları aparır və bu prosesin bir neçə gün davam edəcəyi bildirilir. Nəticədə planlaşdırılmış yenidən işə salınma tədbirinin təxirə salınması qərara alınıb.
