2025-ci il ərzində vergi orqanlarına daxil olmuş müraciətlərin sayı 435 838 təşkil edib.
PostNews İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalma deməkdir.
Daxil olmuş müraciətlərin 94,7%-i ərizə, 5,2%-i şikayət və 0,1%-i təkliflərdən ibarət olub. Hesabat dövründə müraciətlərin 97,9%-i baxılıb və başa çatdırılıb, qalan 2,1% isə hazırda icra mərhələsindədir. Baxılmış müraciətlərdən 55,3% həll edilib, 42,5% barədə izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Faktiki şikayətlərdən 7 647-si həll olunub. Həll edilən məsələlər əsasən kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi borcu, vergi orqanı əməkdaşlarının hərəkət və ya hərəkətsizliyi, operativ vergi nəzarəti tədbirləri və riskli vergi ödəyicisi hesab edilməməsi ilə bağlı olub.
2025-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 707 vətəndaşın qəbulu təşkil edilib ki, bunlardan 47 nəfəri şəhid ailəsi və müharibə iştirakçısıdır. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb və vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.
