Reklam
Reklam
Reklam

Uşağa qulluğa görə müavinət almaq üçün 6 ay sosial sığorta stajı tələb ediləcək

Azərbaycanda uşağa qulluğa görə sosial müavinət almaq istəyən şəxslər üçün ən azı 6 ay sosial sığorta stajı tələbinin müəyyən edilməsi təklif olunur. Hazırda belə minimum staj şərti mövcud deyil.

PostNews xəbər verir ki, bu müddəa Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişiklik qısamüddətli formal əmək münasibətləri yaradaraq dövlət hesabına müavinət əldə edilməsi risklərinin qarşısının alınmasına yönəlib. Eyni zamanda, gələcəkdə uşağa qulluğa görə müavinətin məbləğinin artırılması üçün daha dayanıqlı sosial sığorta mexanizminin formalaşdırılması hədəflənir.

Müavinət almaq üçün 6 ay sosial sığorta stajı tələb olunacaq

Hazırda uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün minimum sosial sığorta stajı tələbi yoxdur. Qanun layihəsinin əsaslandırılmasında qeyd olunur ki, əmək münasibətlərinin elektronlaşdırılması və işə qəbul prosedurlarının sadələşdirilməsi bəzi sui-istifadə risklərinin yaranmasına şərait yaradır.

Belə ki, şəxsin əmək bazarına faktiki inteqrasiyası olmadan qısa müddət ərzində işə qəbul edilməsi, ardınca isə uşağa qulluğa görə sosial məzuniyyətə çıxması mümkündür. Bu hal yalnız dövlət vəsaiti hesabına müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskini artırır.

Xüsusilə yaxın qohumlar və digər şəxslər arasında bu məqsədlə əmək münasibətlərinin qurulması sosial sığorta sistemindən sui-istifadə hallarına şərait yarada bilər.

Bu risklərin qarşısını almaq üçün müavinətin təyin edilməsi zamanı ən azı 6 ay sosial sığorta stajının olması şərtinin tətbiqi təklif edilir. Məqsəd müavinətin real əmək və sığorta münasibətləri əsasında təyin olunmasını təmin etməkdir.

Uşağa qulluğa görə müavinətin hazırkı məbləği nə qədərdir?

Hazırda uşağa qulluğa görə sosial müavinətin məbləği uşağın yaşından asılı olaraq müəyyən edilir:

  • Uşağın 1 yaş yarımınadək dövrü üçün aylıq 44 manat;
  • Uşağın 1 yaş yarımından 3 yaşınadək dövrü üçün aylıq 28 manat.

Bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb.

Qanun layihəsinin əsaslandırılmasında bildirilir ki, mövcud makroiqtisadi göstəricilər, o cümlədən minimum və orta aylıq əməkhaqqı ilə müqayisədə müavinətlərin hazırkı məbləği aşağı səviyyədə qalır. Bu səbəbdən müavinətin artırılması istiqamətində əlavə tədbirlərə ehtiyac olduğu vurğulanır.

Müavinətin artırılması üçün əvvəlcə yeni şərt tətbiq ediləcək

Təklif olunan dəyişikliklərin əsas məqsədlərindən biri gələcəkdə uşağa qulluğa görə müavinətin məbləğinin artırılması üçün hüquqi və maliyyə baxımından daha dayanıqlı mexanizm yaratmaqdır.

Əsaslandırmada qeyd olunur ki, minimum sosial sığorta stajı tələbinin olmaması qısamüddətli sığortalanma yolu ilə sistemdən sui-istifadə risklərini artırır. Bu risklər isə müavinətlərin məbləğinin artırılması ilə bağlı daha geniş tədbirlərin həyata keçirilməsini məhdudlaşdırır.

Bu səbəbdən ilk mərhələdə 6 aylıq sosial sığorta stajı şərtinin müəyyən edilməsi və müavinətin təyin olunması mexanizminin digər analoji sosial sığorta ödənişləri ilə uyğunlaşdırılması nəzərdə tutulur.

Beləliklə, təklif həm sosial sığorta sistemində sui-istifadə hallarının qarşısının alınmasına, həm də gələcəkdə uşağa qulluğa görə müavinətlərin artırılması üçün daha etibarlı əsasların yaradılmasına xidmət edir.

Qeyd edək ki, təqdim olunan əsaslandırmada müavinətin hazırkı məbləğlərinin nə vaxt və nə qədər artırılacağına dair konkret qərar və ya rəqəm göstərilmir. Hazırkı qanun layihəsinin əsas istiqaməti müavinət almaq hüququ üçün minimum sosial sığorta stajı tələbinin müəyyən edilməsidir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Paylaş: