Almaniya xarici işlər naziri Johann David Vadephul Azərbaycanın Avropanın enerji təchizatında etibarlı tərəfdaşlardan biri olduğunu və Cənubi Qafqaz regionunda aparıcı rol oynadığını bildirib.
PostNews xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Johann David Vadephul Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinqdə çıxışı zamanı deyib.
Almaniya xarici işlər naziri qeyd edib ki, Cənubi Qafqaz Avropa üçün yeni imkanlar yaradan regiondur. Onun sözlərinə görə, dünyada baş verən mənfi proseslər Avropanın enerji təchizatında risklər formalaşdırır və bu şəraitdə Azərbaycan etibarlı tərəfdaşlardan biri kimi çıxış edir.
Azərbaycan-Almaniya əməkdaşlığında yeni imkanlar
Vadephul iqtisadi münasibətlərin və enerji təchizatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan və Almaniya arasında böyük potensialın olduğunu vurğulayıb.
O bildirib ki, Azərbaycanla əməkdaşlıq Avropanın enerji təsərrüfatı və iqtisadiyyatı üçün mühüm dəstəkdir.
Nazir Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropanın enerji təchizatı ilə bağlı məsələlərin risklərlə üzləşdiyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanın Avropa üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu qeyd edib.
Vadephul Cənubi Qafqazla münasibətlərin daha da inkişaf etdirilməsində Azərbaycanın aparıcı rolunu xüsusi vurğulayıb.



