Füzuli, Şuşa, Zəngilan və Kəlbəcərdə yeni peşə təhsili müəssisələri yaradılır. Layihələrin bir hissəsi artıq tamamlanıb, digərlərində tikinti işləri davam edir. Bununla yanaşı, ölkə üzrə səkkiz peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir, 46 yeni emalatxananın yaradılması nəzərdə tutulur.
PostNews xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu – 2026” tədbirində bildirib.
Onun sözlərinə görə, yeni müəssisələr Füzuli, Şuşa, Zəngilan və Kəlbəcər şəhərlərində yerləşəcək.
“İşğaldan azad olunmuş torpaqlarda həyatın və əməyin bərpasının bir hissəsi olmaq xüsusən bizlər üçün qürurvericidir”, – deyə İlqar Bayramlı qeyd edib.
Peşə təhsili infrastrukturu genişləndirilir
Forumda təqdim olunan məlumatlara əsasən, peşə təhsili infrastrukturunun inkişafı çərçivəsində səkkiz müəssisədə yenidənqurma və ya əsaslı təmir işlərinin aparılması, eləcə də 46 yeni emalatxananın yaradılması planlaşdırılır.
Bu tədbirlər peşə təhsili müəssisələrinin maddi-texniki imkanlarının genişləndirilməsini və tədris şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.
11 müəssisədə adambaşına maliyyələşmə tətbiq olunur
İlqar Bayramlı bildirib ki, 2023-cü ildən peşə təhsili müəssisələrinin adambaşına maliyyələşmə modelinə mərhələli keçidinə başlanılıb.
Hazırda bu mexanizm 11 müəssisədə 12 min tələbəni əhatə edir. Bu isə ölkədə peşə təhsili alanların ümumi sayının təxminən dörddə birinə bərabərdir.
“Müəssisə tələbə cəlb etdikcə daha çox maliyyə əldə edir. Nəticə göstərdikcə daha çox maliyyə əldə edir”, – deyə Agentlik direktoru vurğulayıb.
Onun sözlərinə görə, maliyyələşmə ixtisaslar üzrə xərclərə uyğun müəyyənləşdirilir. Müəssisələr ayrılan vəsaiti öz prioritetlərinə uyğun idarə edə, müəllimlərə rəqabətədavamlı əməkhaqqı təklif edə və maddi-texniki bazalarını yeniləyə bilirlər.



