Azərbaycanda peşə təhsili almaq üçün müraciət edənlərin sayı 2022-ci ildəki 29 mindən cari tədris ilində 52 minə yüksəlib. Eyni dövrdə qəbul olunanların sayı 19 mindən 28 minə çatıb. Yeni ixtisaslara maraq da artıb: bu il həmin istiqamətlər üzrə hər 10 yerə 113 müraciət qeydə alınıb.
PostNews xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu – 2026” tədbirində bildirib.
Onun sözlərinə görə, peşə təhsilinin əhatə dairəsinin genişlənməsində dövlət sifarişi üzrə yerlərin artırılması mühüm rol oynayıb. Belə ki, 2022-ci ildə dövlət sifarişi ilə 16 min nəfər təhsil alıbsa, cari ildə bu göstərici 20 minə yüksəlib.
Peşə təhsilində qadınların payı 40 faizə çatıb
İlqar Bayramlı peşə təhsilində qadınların iştirakının da artdığını bildirib. Onun sözlərinə görə, qadınların ümumi təhsilalanlar arasında payı 2022-ci ildəki 32%-dən hazırda 40%-ə yüksəlib.
Hazırda 50-dən çox ixtisas üzrə təhsil alanlar arasında qadınların payı 70%-dən yüksəkdir.
Agentlik direktorunun sözlərinə görə, peşə təhsili müəssisələrində hazırda 150 ixtisas üzrə qəbul aparılır. Son dörd ildə günəş panellərinin quraşdırılması, elektrik və hibrid avtomobillərinin təmiri, dronlara texniki xidmət, tibbi avadanlıqların təmiri və qida emalı texnologiyaları da daxil olmaqla, 33 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.
Bu il həmin yeni ixtisaslar üzrə hər 10 yerə 113 müraciət daxil olub. Digər ixtisaslar üzrə isə hər 10 yerə müraciət sayı 58 təşkil edib.
Peşə təhsili məzunlarının məşğulluq göstəricisi açıqlanıb
İlqar Bayramlı qeyd edib ki, dual peşə təhsili proqramlarının məzunları arasında məşğulluq göstəricisi 70%-dən, peşə təhsili məzunları üzrə ümumi göstərici isə 65%-dən yüksəkdir.
Onun sözlərinə görə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2019-cu ildən etibarən peşə təhsilini başa vurmuş 78 min məzunun əmək bazarındakı vəziyyətini təhlil edib. Məşğulluq göstəriciləri hesablanarkən rəsmi məlumatlar və sorğu nəticələri nəzərə alınıb.
Agentlik direktoru dual proqramlarda məşğulluq səviyyəsinin ümumi göstəricidən daha yüksək olduğunu bir daha vurğulayıb.
Dual peşə təhsilinə maraq artır
İlqar Bayramlı bildirib ki, 2022-ci ildə dual peşə təhsili proqramlarına 800 tələbə qəbul edildiyi halda, cari ildə bu rəqəm 2 200-ə çatıb.
Hazırda 33 peşə təhsili müəssisəsində 50-dən çox ixtisas üzrə dual proqramlar tədris olunur.
Dual təhsil modelində tələbələr nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki bacarıqları isə birbaşa işəgötürənlərin istehsal və ya xidmət sahələrində əldə edirlər.
Qeyd olunub ki, dual təhsil üzrə tərəfdaşların sayı da iki dəfəyə yaxın artıb.



