Türk Hava Yolları (THY) 2025-ci il üzrə sərnişin və yük daşımalarına dair statistik göstəricilərini açıqlayıb.
PostNews xəbər verir ki, aviaşirkət ötən il ərzində sərnişin sayını 8,8% artıraraq 92,6 milyon nəfərə çatdırıb.
2025-ci ilin dekabr ayında təklif olunan oturacaq-kilometr (AKK) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Beynəlxalq reyslərdə doluluq səviyyəsi 82,6%, daxili reyslərdə isə 82,7% təşkil edib. Dekabr ayında tranzit (xaricdən-xaricə) sərnişinlərin sayı 14,1% artaraq 3,2 milyon nəfərə yüksəlib. Daşınan yük və poçt həcmi isə illik müqayisədə 15,9% artaraq 192,4 min ton olub.
2025-ci ilin yanvar–dekabr dövründə ümumi sərnişin sayı 8,8% artaraq 92,6 milyon nəfər, tranzit sərnişinlərin sayı isə 12,8% artaraq 35,7 milyon nəfərə çatıb. Ümumi doluluq səviyyəsi 83,2% təşkil edib ki, bunun 82,9%-i beynəlxalq, 86%-i daxili reyslərdə qeydə alınıb.
Ümumi təklif olunan oturacaq-kilometr həcmi 2025-ci ildə 7,5% artaraq 273,2 milyard təşkil edib. Yanvar–dekabr aylarında daşınan yük və poçt həcmi isə 8,4% artaraq 2 milyon tondan 2,2 milyon tona yüksəlib. Dekabrın sonuna THY hava donanmasında 516 təyyarə qeydə alınıb.
