Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Səhiyyə Nazirliyi ilə birlikdə HPV peyvəndləri ətrafında müzakirələr aparılıb.
PostNews xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və qarşıdakı hədəflərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu müzakirələr HPV peyvəndinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ilə bağlı olmayıb:
“Müzakirələrimiz əsasən HPV peyvəndinin ölkədə tətbiqi və bu peyvəndin xeyirləri barədə olub. Burada bir məqam var ki, bu peyvəndi təqdim edən şirkətlər endirimli qiymətlər təklif edir. Düşünürəm ki, bu, ÜST ilə Səhiyyə Nazirliyinin qərar verəcəyi məsələdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz də üzərimizə nə düşsə, edəcəyik”, – deyə Zaur Əliyev qeyd edib.
Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna (HPV) qarşı peyvənd 2006-cı ildən etibarən bir çox ölkədə tətbiq olunur. Hazırda ÜST-nin Avropa regionuna daxil olan ölkələrin böyük əksəriyyətində HPV peyvəndi profilaktik peyvəndlər təqviminə daxil edilib və bu vaksinlər dövlət tərəfindən pulsuz təmin olunur.
