“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan şəxs olub.
PostNews xəbər verir ki, bu barədə “Sportico” nəşri 8 idman növü və 28 ölkəni təmsil edən idmançıların yer aldığı ən yüksək gəlirli 100 idmançıdan ibarət reytinq siyahısını təqdim edib.
Məlumata görə, Kriştiano Ronaldonun 2025-ci ildə maaş və mükafatlardan əldə etdiyi gəlir 200 milyon dollar, reklam gəliri isə 60 milyon dollar olub. Beləliklə, onun ümumi illik gəliri 260 milyon dollar təşkil edib.
Reytinqdə ikinci yerdə boksçu Saul Alvares qərarlaşıb. Onun maaş və mükafatlardan gəliri 125 milyon dollar, reklam gəliri 12 milyon dollar, ümumi gəliri isə 137 milyon dollar olub.
Üçüncü pillədə futbolçu Lionel Messi yer alıb. Messi 60 milyon dollar maaş və mükafat, 70 milyon dollar reklam gəliri əldə edərək ümumilikdə 130 milyon dollar qazanıb.
İlk onluqda həmçinin Xuan Soto, Lebron Ceyms, Karim Benzema, Stefen Karri, Syohei Otani, Kevin Dürent və Con Ram da yer alıb.
2025-ci ildə ən çox qazanan ilk 10 idmançı:
- Kriştiano Ronaldo (futbol) – 260 mln dollar
- Saul Alvares (boks) – 137 mln dollar
- Lionel Messi (futbol) – 130 mln dollar
- Xuan Soto (beysbol) – 129,2 mln dollar
- Lebron Ceyms (basketbol) – 128,7 mln dollar
- Karim Benzema (futbol) – 115 mln dollar
- Stefen Karri (basketbol) – 105,4 mln dollar
- Syohei Otani (beysbol) – 102,5 mln dollar
- Kevin Dürent (basketbol) – 100,8 mln dollar
- Con Ram (qolf) – 100,7 mln dollar

