Reklam
Reklam
Reklam

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsinin tikintisi, iki müəssisənin isə təmiri nəzərdə tutulur. Bununla yanaşı, peşə təhsili alanların sayının 2025-ci ildəki 27 mindən bu il 40 min nəfərə çatdığı açıqlanıb.

PostNews xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Peşə Təhsili Forumu – 2026” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, peşə təhsili infrastrukturunun genişləndirilməsi Prezidentin bu il imzaladığı müvafiq sərəncamda nəzərdə tutulub.

Peşə təhsili müəssisələrinin sayı və tələbə göstəriciləri artır

Mətin Kərimli bildirib ki, peşə təhsili əmək bazarının real tələblərinə uyğun qurulmalıdır. Bunun üçün tədrisin məzmunu, pedaqoji kadr hazırlığı və infrastruktur müasir tələblərə cavab verməli, gənclərə öyrədilən bacarıqlar işəgötürənlərin ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Aparat rəhbərinin açıqladığı statistikaya əsasən, 2025-ci ildə peşə təhsili alanların sayı 27 min nəfər olub, 2026-cı ildə isə bu rəqəm 40 min nəfərə çatıb.

Yüksək texniki peşə təhsili alanların sayının 8 mindən 10 min nəfərə çatdırılması hədəflənir. Ötən il dual peşə təhsili üzrə 1 700 nəfər təhsil alıb.

274 yeni müəllim işə qəbul edilib, 17 proqram hazırlanıb

Mətin Kərimli qeyd edib ki, bu il peşə təhsili müəssisələrinə 274 yeni müəllim işə qəbul edilib və 17 yeni təhsil proqramı hazırlanıb.

O, peşə təhsilində keyfiyyətin və innovasiyanın prioritet olmasının vacibliyini vurğulayıb. Bildirib ki, təhsil proqramlarının hazırlanması zamanı rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyatın tələbləri nəzərə alınmalıdır.

“Biz hər birimiz əmin olmalıyıq ki, bizim təhsildən, təlimdən, əmək fəaliyyətindən kənarda qalan gənclərimiz olmasın”, – deyə Mətin Kərimli əlavə edib.

Qeyd edək ki, 2026-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının 10 ili tamam olur.

Paylaş: