Milli, xarici və birgə istehsal filmləri anlayışları dəqiqləşdirilir

Mətn Ölçüsü

Kinematoqrafiya sahəsində bir sıra yeni anlayışların qanunvericilikdə müəyyənləşdirilməsi nəzərdə tutulur.

PostNews xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, yeni anlayışların qanuna əlavə edilməsi hüquqi qeyri-müəyyənliyi aradan qaldıracaq, normanın tətbiqində vahid yanaşmanı təmin edəcək və kino sahəsində hüquqi tənzimləməni daha dəqiq edəcək.

Qanun layihəsinə əsasən, milli, xarici və birgə istehsal filmləri, eləcə də film istehsalının bütün mərhələləri anlayış səviyyəsində müəyyənləşdirilir. Bu dəyişikliklər kino istehsalı proseslərinin şəffaf və sistemli şəkildə tənzimlənməsinə xidmət edəcək.

Qanuna əlavə edilən yeni anlayışlar

  • Milli film – xarici film hesab edilməyən və qanunda göstərilən tələblərə cavab verən film
  • Xarici film – bütövlükdə xarici prodüser və ya prodüserlər tərəfindən istehsal edilən film
  • Birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film
  • Film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və filmin çəkilişinin tamamlanması mərhələlərini əhatə edən proses
  • Film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarinin yazılması və inzibati-texniki işləri əhatə edən proses
  • Film çəkilişi – filmin kinolentə və ya digər daşıyıcıya bilavasitə çəkilişini təmin edən fəaliyyətlər
  • Filmin çəkilişinin tamamlanması – redaktə, vizual, səs və rəng işləmələri, effektlər, titr və qrafik tərtibat mərhələsi
  • Yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya ölkədə dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser
  • Xarici prodüser – əcnəbi, vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser
Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti