2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 600 minə yaxın artıb. Eyni dövrdə ölkə üzrə əməkhaqqı fondu üç dəfədən çox böyüyüb.
PostNews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu – 2026” tədbirində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, əmək müqavilələrinin sayındakı artım təxminən 46–47 faiz təşkil edib.
Anar Əliyev bildirib ki, minimum əməkhaqqının və dövlət sektorunda maaşların artırılması özəl sektorda da əməkhaqqı artımına təsir göstərir. Onun fikrincə, formal məşğulluğun genişlənməsi işəgötürənlərin əməkdaşlarını peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb etməsi üçün əlavə imkanlar yaradır.
İşəgötürənlər üçün peşə hazırlığı proqramları təşkil olunur
Nazir qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi iri işəgötürənlərə tələblərinə uyğun işçi tapmaqda dəstək göstərir. Eyni zamanda, müəssisələrin ehtiyaclarına uyğun peşə hazırlığı proqramları təşkil edilir.
Onun sözlərinə görə, işəgötürənlərin əməkdaşlarının bilik və bacarıqlarına davamlı sərmayə qoyması həm müəssisələrin inkişafına, həm də ölkədə işçi qüvvəsinin ixtisas səviyyəsinin yüksəlməsinə töhfə verir.
İşğaldan azad edilmiş ərazilərdə məşğulluq prioritetdir
Anar Əliyev işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin olunmasının nazirliyin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Bildirib ki, nazirlik həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə hər ay görüşlər keçirir, yeni iş yerləri, təklif olunan əməkhaqqı və namizədlərdən tələb edilən bacarıqlar barədə məlumat toplayır.
Toplanan məlumatlar keçmiş məcburi köçkünlərin uyğun iş yerlərinə yönləndirilməsi üçün istifadə olunur. Namizədlərin ixtisası mövcud vakansiyaların tələblərinə uyğun gəlmədikdə isə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.



