ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiqin Tehranın mövqelərini xeyli zəiflətdiyini və hazırda yeni hərbi əməliyyatlara ehtiyac olmadığını bildirib. Bununla belə, o, ABŞ-nin əsas məqsədinin İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək olduğunu vurğulayıb.
PostNews xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Marko Rubionun sözlərinə görə, ABŞ-nin zəifləmiş İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq artıq kritik həddə çatıb və bu, Tehranın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
“Düzünü desəm, hazırda bu rejimə yaşatdığımız iqtisadi çətinliklər o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac qalmayıb. Biz onları xeyli zəiflətmişik. Lakin hesab edirəm ki, qələbə onların heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir”, – deyə ABŞ dövlət katibi bildirib.
Rubio müharibənin ABŞ iqtisadiyyatına təsirlərini də etiraf edib
Dövlət katibi münaqişənin ABŞ üçün də iqtisadi itkilərə səbəb olduğunu, xüsusilə yanacağın qiymətlərinin artmasına gətirib çıxardığını qeyd edib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp üçün İranın nüvə proqramının yaratdığı təhlükəni görməzdən gəlmək, ictimaiyyət arasında populyar olmayan müharibədən yayınmaq və bu problemi növbəti prezidentin öhdəsinə buraxmaq daha asan seçim ola bilərdi.
Lakin Rubionun fikrincə, Tramp bu məsələnin cavabsız qalmasına imkan verməmək qərarına gəlib.
“Bu, ağırdır. Asan deyil və çətindir. Çox vaxt iqtisadi və digər çətinliklərə səbəb olur. Biz bunu etiraf edirik”, – deyə dövlət katibi əlavə edib.
ABŞ və İran arasında gərginlik davam edir
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələr endirilməsi barədə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regionundakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıtması ehtimalını istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlərlə bağlı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır.
Təqdim olunan məlumata görə, hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə düşüb.



