PostNews – İdman və ədəbiyyat sahəsində fəaliyyəti ilə tanınan azərbaycanlı mütəxəssis Gülər İsmayılova (Coşqunsoy) Türkiyədə qazandığı peşəkar təcrübəni və uğurları Azərbaycanda davam etdirməyə hazırlaşır.
Məlumata görə, uzun illərdir görmə məhdudiyyətli idmançıların inkişafı istiqamətində çalışan Gülər Coşqunsoy beynəlxalq təcrübəsini yeni layihələr vasitəsilə Azərbaycanda tətbiq etməyi qarşısına əsas məqsəd kimi qoyub.
Goalball idman növü üzrə beynəlxalq diplom və sertifikatlara malik yeganə azərbaycanlı mütəxəssis olan Gülər Coşqunsoy 2018-ci ildən etibarən Türkiyə Görmə Əngəllilər İdman Federasiyasının nəzdində fəaliyyət göstərən Altınokta İstanbul, Boğaziçi GESK, Turkuaz GESK, Yeditepe GESK və Engelsiz Hacettepe GESK klublarında məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında hazırlanan idmançılar Türkiyə çempionatlarında və müxtəlif turnirlərdə uğurlu nəticələr əldə ediblər.
Mütəxəssisin son uğurlarından biri 2026-cı ildə Türkiyə Görmə Əngəllilər İdman Federasiyasının Goalball Qadınlar II Liqa yarışlarında qeydə alınıb. İlk dəfə liqa mübarizəsinə qoşulan Ritmus İdman Klubunun qadın komandası Gülər Coşqunsoyun rəhbərliyi ilə güclü rəqibləri geridə qoyaraq qrup ikincisi olub. Debüt mövsümündə əldə edilən bu nəticə goalball ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Hazırda Gülər Coşqunsoy Azərbaycanda görmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına yönəlmiş layihələr üzərində çalışır. Layihələrin əsas məqsədi daha çox görmə məhdudiyyətli şəxsin idmana cəlb olunması, peşəkar idmançı kimi yetişdirilməsi və Azərbaycanın bu sahədə beynəlxalq arenada təmsilçiliyinin gücləndirilməsidir.
Onun əsas hədəflərindən biri yaradılması istiqamətində işlər aparılan Xəzər GESK İdman Klubudur. Türkiyədə bir azərbaycanlı tərəfindən təsis ediləcək ilk görmə məhdudiyyətli şəxslər idman klublarından biri olacaq Xəzər GESK adını Xəzər dənizindən götürəcək. Klubun loqosunda Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri əks olunacaq. Layihənin məqsədi yalnız idman uğurları qazanmaq deyil, həm də Azərbaycan və Türkiyə arasında dostluğun, əməkdaşlığın və ortaq idman mədəniyyətinin inkişafına töhfə verməkdir.
Gülər Coşqunsoy hesab edir ki, idman insanların cəmiyyətə inteqrasiyasını təmin edən və bərabər imkanlar yaradan ən güclü vasitələrdən biridir. O, Türkiyədə qazandığı təcrübəni Azərbaycana gətirməklə görmə məhdudiyyətli idmançıların inkişafına töhfə verməyi əsas missiyalarından biri kimi qiymətləndirir.
Qeyd edək ki, Gülər İsmayılova (Coşqunsoy) ədəbi ictimaiyyətdə Gülər Coşqunsoy imzası ilə tanınan yazıçı və şairdir. O, Türkiyə Milli Kitabxanası və Prezident Kitabxanasının fondlarında yer alan “Böyük Türkün Dastanı” kitabının müəllifidir. Yazıçının Azərbaycanın Milli Qəhrəmanlarına və şəhid general Polad Həşimovun xatirəsinə həsr etdiyi “Ulu Röya Yolunda” kitabı, həmçinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” poeması oxucular tərəfindən maraqla qarşılanıb.
Gülər Coşqunsoy türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Türkdilli Dövlətlərin Xüsusi Poeziya Ödülünə layiq görülən ilk və yeganə xanım yazıçıdır. O, goalball idman növü üzrə beynəlxalq diplom və sertifikatlara malik yeganə azərbaycanlı mütəxəssis kimi həm idmanda, həm də ədəbiyyatda əldə etdiyi nailiyyətlərlə Azərbaycanın beynəlxalq tanıtımına töhfə verməyə davam edir.
