Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
PostNews xəbər verir ki, qanun layihəsinə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşdiriləcək.
Məlumatda bildirilir ki, fiziki şəxslər 550 manatdan 750 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.
Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış, xarici iqtisadi fəaliyyət mal nomenklaturası kodları üzrə müəyyən edilmiş qiymətli daşlar, müvafiq icra hakimiyyəti orqanının rəyi ilə emal edilməmiş almazlar hesab olunacaq.
Qeyd olunub ki, qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, izlənməsi” üzrə dövlət nəzarəti həyata keçiriləcək. Həmçinin, emal edilməmiş almazın ixracı üçün “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi” üzrə sertifikatın forması və verilməsi qaydaları təsdiq olunacaq.
