Ölkəmizdə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası ilə bağlı qərarın qəbul edilməsi mühüm əhəmiyyət daşıyır.
Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə bir daha göstərdi ki, Abşeron yarımadasının və Bakı şəhərinin içməli su təchizatının dayanıqlı şəkildə təmin edilməsi ölkəmizin qarşısında duran strateji vəzifələrdən biridir.
Diqqət yetirsək görərik ki, son iyirmi ildə Azərbaycanda su təsərrüfatı sahəsində həyata keçirilmiş mühüm infrastruktur layihələri bu gün də öz strateji əhəmiyyətini qoruyur. Vaxtilə Samur–Abşeron kanalının tamamilə yenidən inşa edilməsi bu sahədə atılmış mühüm addımlardan biri olmuşdur. Beton üzlüklə inşa edilən bu kanal vasitəsilə su itkiləri minimuma endirilmiş, suyun daha səmərəli və təhlükəsiz daşınması təmin edilmişdir. Məlum olduğu kimi Bakı şəhərinə müxtəlif mənbələrdən su daxil olur ki, bu mənbələrin sayı beşdir. Proqrama əsasən yeni inşa ediləcək duzsuzlaşdırma zavodu isə altıncı su mənbəyi kimi sistemə qoşulacaqdır.
Bu da öz növbəsində ümumi su balansının gücləndirilməsinə, risklərin azaldılmasına və fövqəladə hallarda alternativ təminat mexanizminin formalaşmasına imkan yaradacaqdır. Son illərdə əhalinin artımı, urbanizasiya proseslərinin sürətlənməsi, iqlim dəyişiklikləri və su ehtiyatlarının məhdudluğu bu sahədə yeni və innovativ yanaşmaların tətbiqini zəruri etmişdir.
Məhz bu kontekstdə ölkəmizdə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası ilə bağlı qərarın qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Duzsuzlaşdırma zavodunun istifadəyə verilməsi Bakıya və Abşeron yarımadasına daxil olan suyun həcminin artırılmasına şərait yaradacaqdır. Qeyd etmək lazımdır ki, bu gün dünyada duzsuzlaşdırma texnologiyaları sürətlə inkişaf edir və artıq bir çox ölkələr üçün əsas su mənbələrindən birinə çevrilmişdir. Xəzər dənizinin suyunun duzluluq səviyyəsi digər okean və dənizlərlə müqayisədə nisbətən aşağı olduğundan, bu proses texnoloji baxımdan daha səmərəli və iqtisadi cəhətdən əsaslandırılmış hesab olunur. Bu da tam əminlik yaradır ki, duzsuzlaşdırma nəticəsində əhali yüksək keyfiyyətli, gigiyenik tələblərə cavab verən təmiz içməli su ilə təmin ediləcəkdir.
Mübariz Tağıyev
Neftçala rayonu
