Reklam
Reklam
Reklam

Dövlət qərarlarının ikinci imzası: ictimai etimad

Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər strateji kommunikasiyanın əhəmiyyəti

Dövlət qərarlarının altında adətən bir imza olur. Lakin həmin qərarların effektiv icrası və cəmiyyət tərəfindən qəbul edilməsi üçün başqa bir “imzaya” da ehtiyac var. Bu imzanı isə ictimaiyyət öz etimadı və dəstəyi ilə verir.

Təsəvvür edək: dövlət qurumu müəyyən qərar qəbul edir. Mütəxəssislər hesablamalar aparıb, hüquqşünaslar sənədi yoxlayıb, rəhbərlik onu təsdiqləyib. Qərarın hüquqi əsası var, iqtisadi və ya sosial baxımdan faydası da əsaslandırılıb. Lakin ictimaiyyətə açıqlanandan sonra narazılıqlar başlayır. İnsanlar suallar verir, sosial şəbəkələrdə müzakirələr yaranır, mediada fərqli məlumatlar yayılır və bəzən qərarın əsl məqsədi belə arxa plana keçir.

Bəs necə olur ki, düzgün hesab edilən qərar cəmiyyətdən gözlənilən reaksiyanı almır?

Çünki dövlət qurumu qərara onun nə üçün qəbul edildiyi, vətəndaş isə həyatında nəyi dəyişəcəyi nöqteyi-nəzərindən baxır. Bu iki yanaşma arasında körpü qurulmayanda ən əsaslandırılmış qərar belə ictimai müqavimətlə qarşılaşa bilər. Həmin körpünü qurmaq isə strateji kommunikasiyanın işidir.

Qanuni olmaq hələ anlaşılan olmaq demək deyil

Dövlət idarəçiliyində qərarın hüquqi əsaslılığı, məqsədəuyğunluğu və ictimaiyyət tərəfindən qəbul edilməsi bir-biri ilə əlaqəli, lakin fərqli məsələlərdir.

Qurum üçün hər hansı qaydanın dəyişdirilməsi xidmət keyfiyyətinin artırılması, resurslardan səmərəli istifadə və ya müəyyən problemin aradan qaldırılması məqsədi daşıya bilər. Vətəndaş isə ilk növbədə özünə aid suallara cavab axtarır: Bu dəyişiklik mənə nə verəcək? Nə itirəcəyəm? Əvvəlkindən daha çox vaxt və ya pul xərcləyəcəyəmmi?

İctimai kommunikasiya zamanı bu suallara cavab verilmirsə, qərarın hansı qanunun hansı maddəsinə əsaslandığını uzun-uzadı izah etmək gözlənilən nəticəni verməyə bilər. İnsanlar yalnız qərarın məntiqini deyil, onun öz həyatlarına təsirini də anlamaq istəyirlər.

Qərarı izah etmək, yoxsa insanı anlamaq?

Dövlət qurumlarının kommunikasiya fəaliyyətində rast gəlinən yanaşmalardan biri qərar qəbul edildikdən sonra onun üstünlüklərini ictimaiyyətə çatdırmağa çalışmaqdır. Əslində isə kommunikasiya daha əvvəl başlamalıdır.

Təsəvvür edək ki, hansısa dövlət xidməti rəqəmsallaşdırılır. Qurum bu addımı növbələrin azalması, şəffaflığın artması və vaxta qənaətlə əsaslandırır. Bunlar mühüm üstünlüklərdir. Amma yeni sistemdən istifadə etməkdə çətinlik çəkən yaşlı vətəndaş üçün əsas məsələ başqadır: O, sabah həmin xidməti necə alacaq?

Əgər bu sual əvvəlcədən nəzərə alınmayıbsa, yaxşı təşəbbüsün kommunikasiyası zəifləyəcək. Hətta problem sonradan texniki baxımdan həllini tapsa belə, insanlarda yaranmış ilk mənfi təəssüratı dəyişmək əlavə vaxt və resurs tələb edəcək.

Ona görə də kommunikasiyanın vəzifəsi yalnız qurumun nə demək istədiyini müəyyənləşdirmək deyil. İctimaiyyətin nə eşitmək və nəyi bilmək istədiyini də anlamaqdır.

Rəqəmlər danışır, amma hər kəs onların dilini bilmir

Dövlət qurumları fəaliyyətlərinin nəticələrini çox vaxt rəqəmlərlə təqdim edirlər. Ayrılmış vəsait, həyata keçirilmiş layihələrin sayı, faizlə ifadə olunan artım, əldə edilmiş qənaət… Bunlar hesabat üçün vacib göstəricilərdir. Lakin hər zaman vətəndaş üçün eyni dərəcədə anlaşılan və maraqlı olmur.

Litva Maliyyə Nazirliyinin 2021–2023-cü illərdə həyata keçirdiyi kommunikasiya kampaniyası bu baxımdan maraqlı nümunədir. Nazirlik Avropa İttifaqı investisiyalarının faydasını vətəndaşlara izah etmək üçün ənənəvi rəsmi açıqlamalardan fərqli yanaşma seçmişdi. Tanınmış şəxslər doğma şəhərlərinə dəvət olunmuş, investisiyaların yaratdığı dəyişikliklər onların şəxsi müşahidələri və hekayələri vasitəsilə təqdim edilmişdi.

Nəticədə dövlət investisiyalarını idarə edən qurumlara ictimai etimad göstəricisi iki il ərzində 45%-dən 56%-ə yüksəlmişdi. Bu artımı yalnız bir kampaniya ilə əlaqələndirmək düzgün olmasa da, nümunə mühüm bir məqamı xatırladır: dövlət proqramlarının faydasını insanların gündəlik həyatı ilə əlaqələndirərək göstərmək onları daha anlaşılan edir.

Başqa sözlə, vətəndaşa yalnız nələrin dəyişəcəyini deyil, həmin dəyişikliklərin onun həyatında necə rol oynayacağını da göstərmək lazımdır.

Kommunikasiya qərardan sonra yox, qərardan əvvəl başlamalıdır

Strateji kommunikasiyanın dövlət idarəçiliyində ən mühüm funksiyalarından biri ictimai reaksiyanı əvvəlcədən qiymətləndirməkdir.

Bunun üçün kommunikasiya mütəxəssisi qərar qəbul edildikdən sonra çağırılıb press-reliz yazan şəxs olmamalıdır. O, qərarın hazırlanması mərhələsində də prosesə cəlb edilməlidir.

Hansı auditoriyalar bu qərardan təsirlənəcək? Hansı məqamlar yanlış anlaşıla bilər? Kimlər daha çox sual verəcək? Hansı izah forması daha anlaşıqlı olacaq?

Bu suallara əvvəlcədən cavab tapmaq sonradan yaranacaq anlaşılmazlıqları azaltmağa kömək edir.

Bu yanaşmaya yenə Litvadan bir nümunə göstərmək olar. (Aşıq gördüyünü çağırar.)

Vilnüs bələdiyyəsi “Dalyvauk! Vilnius” (“İştirak et, Vilnüs!”) adlı ictimai iştirak proqramı həyata keçirir. Bu proqram iştirakçılıq əsasında büdcələşdirmə mexanizmini nəzərdə tutur. Sakinlər ictimai məkanların yaxşılaşdırılması, təmiri və bərpası ilə bağlı ideyalar irəli sürür, müəyyən layihələrin maliyyələşdirilməsi üzrə səsvermədə iştirak edirlər.

Bu təcrübənin kommunikasiya baxımından əhəmiyyəti ondadır ki, vətəndaş yalnız qəbul edilmiş qərarın ünvanlandığı auditoriya deyil, qərarın formalaşmasında iştirak edən tərəf kimi çıxış edir. O, fikrinin soruşulduğunu, nəzərə alındığını və yerli qərarların qəbulunda müəyyən rol oynadığını hiss edir.

Əlbəttə, bütün dövlət qərarlarını səsvermə yolu ilə qəbul etmək mümkün deyil. Lakin Vilnüs təcrübəsi mühüm bir prinsipi nümayiş etdirir: ictimai etimad yalnız məlumatlandırma ilə deyil, dinləmə və iştirak imkanları ilə də möhkəmlənir.

Etimadın da öz hazırlıq mərhələsi var

Dövlət qərarlarının kommunikasiyasında beş məsələyə xüsusi diqqət yetirilməsini vacib hesab edirəm.

1. Təsir dairəsinin təhlili

Qərarın hansı sosial qrupların həyatına və fəaliyyətinə necə təsir edəcəyi müəyyənləşdirilməlidir. Eyni dəyişiklik bir auditoriya üçün üstünlük, digəri üçün isə çətinlik yarada bilər.

2. İctimai risklərin qiymətləndirilməsi

Qərarla bağlı mümkün narahatlıqlar, stereotiplər və yanlış anlaşılma ehtimalları əvvəlcədən araşdırılmalıdır. Sosial media müzakirələri, sorğular və maraqlı tərəflərlə görüşlər bu baxımdan faydalı ola bilər.

3. İzahın sadələşdirilməsi

Hüquqi və texniki əsaslandırmalar vətəndaşın başa düşəcəyi dilə çevrilməlidir. İnsanlara qərarın yalnız məqsədi deyil, gündəlik həyatlarına təsiri də göstərilməlidir.

4. Vahid kommunikasiya

Qərarı izah edən bütün qurumlar və məsul şəxslər əsas məsələlərdə eyni mövqedən çıxış etməlidirlər. Bir qurumun dediyini digərinin fərqli izah etməsi ictimai etimadı zəiflədə bilər.

5. Əks-əlaqə və korrektə

Qərarın açıqlanması kommunikasiya prosesinin sonu deyil. Auditoriyaların dinlənilməsi davam etməlidir. İctimai reaksiyanı izləmək, sualları cavablandırmaq və zəruri hallarda izah formasını dəyişmək lazımdır.

Məqsəd hamını razı salmaq deyil

Dövlət qurumunun qəbul etdiyi hər qərarın hamı tərəfindən bəyənilməsini gözləmək real deyil. Bəzən cəmiyyət üçün faydalı dəyişikliklər müəyyən qruplar üçün müvəqqəti çətinliklər də yarada bilər.

Strateji kommunikasiyanın məqsədi hər qərara alqış qazandırmaq deyil. Məqsəd vətəndaşın qərarın səbəbini, gözlənilən nəticəsini və ona təsirini düzgün anlamasına kömək etməkdir.

İnsanlar razılaşmadıqları qərarı da başa düşə bilərlər. Əsas odur ki, özlərinə təsir edən məsələlərdə fikirlərinin nəzərə alındığını, suallarının cavabsız qalmadığını və onlarla açıq danışıldığını hiss etsinlər.

Çünki dövlət idarəçiliyində qərar qəbul etmək səlahiyyətdir. O qərara ictimai etimad qazandırmaq isə kommunikasiya peşəkarlığıdır.

Müəllif: Vüqar Baba – strateji kommunikasiya eksperti

Paylaş: