2026-cı il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər azdır. Eyni zamanda, təyin olunmuş aylıq pensiyaların orta məbləği illik müqayisədə 10,3% artaraq 595,8 manata yüksəlib.
PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Azərbaycanda pensiyaçıların sayı azalıb
Məlumata əsasən, 2025-ci il oktyabrın 1-də ölkədə 1 milyon 100 min pensiyaçı qeydə alınıb. 2026-cı ilin eyni tarixinə onların sayı 1 milyon 94,2 min nəfər təşkil edib.
Beləliklə, bir il ərzində pensiyaçıların sayı 5,8 min nəfər və ya təxminən 0,5% azalıb.
Hazırda pensiyaçılar ölkə əhalisinin 10,6%-ni təşkil edir.
Orta aylıq pensiya 595,8 manat olub
Dövlət Statistika Komitəsinin məlumatına görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artaraq 595,8 manata çatıb.
Orta aylıq pensiyanın məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 50,8%-nə bərabər olub.



