Azərbaycanla sülh prosesində irəliləyişin Ermənistanın BB- kredit reytinqinə müsbət təsir göstərə biləcəyi bildirilir

Mətn Ölçüsü

Azərbaycanla sülh prosesində müşahidə olunan irəliləyişin Ermənistanın kredit reytinqinə müsbət təsir göstərə biləcəyi açıqlanıb.

PostNews xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında məlumat verilib.

Hesabatda qeyd olunur ki, “Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqi (LTFC IDR) üzrə proqnozunu “Sabit”dən “Müsbət”ə dəyişib, reytinqin özü isə BB- səviyyəsində təsdiqlənib.

Agentlik bildirir ki, Ermənistan və Azərbaycan sülh sazişinin əldə olunmasına yönəlmiş birgə bəyannamə imzalayıblar və bu amil qısamüddətli perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Hesabatda vurğulanır ki, Azərbaycanla və onun ərazisi üzərindən ticarət tədricən açılır, Türkiyə ilə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşır və məlumatlara əsasən, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir.

“Fitch” hesab edir ki, Azərbaycanla sülh sazişinin ardıcıl şəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatının orta müddətli proqnozu üçün əlavə artım potensialı yarada bilər.

Eyni zamanda, reytinqə mənfi təsir göstərə biləcək amillər sırasında geosiyasi riskləri artıran və siyasi-iqtisadi sabitliyi sarsıdan hadisələr, o cümlədən Azərbaycanla mövcud sülh prosesinin pozulması qeyd olunur.

Agentliyin analitikləri bildirirlər ki, reytinqin yüksəlməsinə səbəb ola biləcək əsas amillər sırasında geosiyasi risklərin və daxili siyasi qeyri-müəyyənliyin davamlı azalması, xüsusilə Azərbaycanla sülh prosesində mühüm irəliləyiş əsas yer tutur.

Qeyd edilir ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasına dair birgə bəyannamə imzalayıblar. Layihə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adlandırılıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflayıb. Eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət imzalanıb və Minsk prosesinə aid institutların fəaliyyətinin dayandırılması ilə bağlı razılıq əldə olunub.

21 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat üçün verdiyi bəyanatda Azərbaycanın işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Həmin marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxıl partiyası olub.

Məlumata görə, 18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərib.

Bundan sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.

11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton “Aİ-92” markalı avtomobil benzininin Ermənistana göndərildiyi qeyd olunub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti